“İranın qonşulara təzyiqi onun zəiflədiyini göstərir”
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, İranın qonşularına qarşı bu cür təcavüzkar davranışı əlbəttə ki, nəticə etibarilə çanağın onun özünün başında çatlamasına gətirib çıxaracaq:
“İran o qədər qüdrətli, böyük dövlət deyil ki, hər kəslə, hər cəbhədə vuruşsun. O cümlədən də elə Güney Qafqazla qardaş Türkiyə ilə ərəb ölkələri ilə hələ-hələ İranın bu gün cavab verməli olduğu iki dövlət var. Bunlar İsrail və Amerika Birləşmiş Ştatlarıdır. Əgər İranda o güc qüdrət varsa, özünü müdafiə etsin. ABŞ və İsrailə cavab versin. Verə bilirmi? Bilmir, amma bu bir yana, İran durub qonşulara da təcavüz edir, hətta Azərbaycana belə hücum edir. Yəni bu artıq İranın bir dövlət olaraq intihar mərhələsində olmasının göstəricisidir. Güc balansı məsələsinə gəlincə, İran artıq qüdrətə sahib olmadığına görə də burada balansın İranın xeyrinə dəyişməsi haqqında heç ehtimal belə yürütmək olmaz. Təbiidir ki, İran zəifləyib, getdikcə də daha da zəifləyəcək. Artıq yeni güc mərkəzləri ortaya çıxır. Bu güc mərkəzləri də birmənalı şəkildə Türk Dövlətləri Təşkilatı çərçivəsindədir".
O həmçinin bilirib ki, bu prosesdə Rusiyanın adını çıxmaq lazımdır:
"Rusiya İranın tərəfindədir və təbiidir ki, bacarsa, İrana kömək edərdi. Amma Rusiya özü Ukraynada elə bataqlığdadır ki, İrana kömək edə bilmir. Türkiyə İranın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda İranda müharibə olmasını arzu etmirdi. Lakin Türkiyəni dinləyən olmadığına üçün İran bu vəziyyətə düşüb. Amerika Birləşmiş Ştatları isə dünyaya yeni çəki düzən verir və bu çəki düzən məsələsində İran da gözdən yayınmır. Yəni İranın da yenidən təşkili ilə bağlı proses başlayıb. İran dövlət olaraq ləğv ediləcək, yerində yeddi yeni müstəqil dövlət qurulacaq".
Selcan Xudiyeva
