00:00:00
Yazar
Aise Mustafayeva
28.09.2026 22:11 65 3 dəq oxuma
Gündəm

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir 

 

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

İraqın ABŞ-dən İranla uçuşların bərpasına icazə verməsini istəməsi Vaşinqton-Bağdad-Tehran xəttində yeni müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, İraqın Amerika Birləşmiş Ştatlarının təsir dairəsində olduğu heç kimə sirr deyil:

 

 

“Əlbəttə ki, İraq özbaşına belə riskə gedib bu addımı ata bilməyəcəyinə görə Amerika Birləşmiş Ştatlarından icazə istəyir. Təbiidir ki, humanitar baxımdan Amerika Birləşmiş Ştatları hətta buna istisna kimi icazə də verə bilər. Amma İraqa bu icazə veriləcəyi təqdirdə digər qonşu dövlətlər də eyni xahişi edə bilər və bu da İranın embarqodan, yaxud da məhdudiyyətdən çıxmasına gətirib çıxara bilər. Ona görə mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bu məsələdə o qədər də tələsmir. Yəni, əlbəttə ki, tələb kimi irəli sürülən, yaxud xahiş kimi səsləndirilən bu addım Amerika-İran münasibətlərinə Amerika perspektivindən baxanda yaxşı təsir etməyə bilər. Amma İran perspektivindən baxanda İran üçün əlavə nəfəs pəncərəsi olacaq. O baxımdan mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları öz vəziyyətini çətinləşdirmək istəməyəcək. Amerika Birləşmiş Ştatları icazə verməsə, mən düşünmürəm ki, İraq hansısa sərt hərəkətlərə gedəcək. Çünki hər halda, bütün dünyada belə qəbul edilir ki, Yaxın Şərqdə Amerika Birləşmiş Ştatları hakimdir. Təbiidir ki, Yaxın Şərq siyasətinin yönləndirilməsi, dövlətlər üzərində hegemonluq məsələlərində Amerikanı əvəz edəcək ikinci bir dövlət yoxdur. O baxımdan, əgər Amerika icazə verməyəcəksə, İraq da buna boyun əymək məcburiyyətində qalacaq. Yəni Amerikaya qarşı hansısa təsir imkanları yoxdur ki, nəsə bir addım atsın”.

 

Siyasi şərhçinin sözlərinə görə, İraq dövləti İranla hava xəttinin açılmasına o qədər də maraqlı deyil:

 

“Sadəcə olaraq, qonşuluq baxımından bunu etməyə məcburdurlar. Ən azından görüntü yaratmağa məcburdurlar və ona görə də belə təklif edirlər. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları da bu gerçəkləri nəzərə almamış olmayacaq. Bu təklif, yaxud bu istək Amerika Birləşmiş Ştatlarının İranla münasibətlərinin yumşaldılmasına səbəb olmayacaq. Ona görə ki, Amerika Birləşmiş Ştatları ilk gündən qarşısına məqsəd qoyub ki, İranda rejim dəyişikliyi olsun, dünyəvi dövlətə çevrilmə baş versin. Düzdür, bunu bu cür bəyan etmirlər. İndi kimsə çıxıb məni tənqid edə bilər ki, belə fikirlər səsləndirilməyib. Amma görünən odur ki, Amerika Birləşmiş Ştatları fevralın 28-də başlayan müharibə ilə ali dini rəhbəri öldüb. Onun ardından İranla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə biz təmasların məhz dünyəvi kəsimlə aparıldığını görürük. İran prezidentinin komanda üzvləri ilə Amerika Birləşmiş Ştatlarının nümayəndələri, yaxud vasitəçiləri danışıqlar aparır. Yəni dini rəhbərlik bu danışıqlarda iştirak etmir. Etmədiyinə görə də o danışıqları sabotaj edir. Dini rəhbərlik, SEPAH və onların nəzarətində olan qüvvələr. Amma bütün bunlara baxmayaraq, Amerika Birləşmiş Ştatları yenə də İranda normal bir hakimiyyətin qurulması üçün çalışır. Yəni demək istədiyim odur ki, hazırkı status-kvo qaldıqca Amerika Birləşmiş Ştatlarının İrana münasibəti yumşalmayacaq”.

 

 

Selcan Xudiyeva

#xəbər #uçuşlara #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər