İraq İranla Fars körfəzi dövlətlərini barışdırmaq istəyir- ŞƏRH
İraq hakimiyyəti İran, İraq və Fars körfəzi ərəb dövlətləri arasında görüşlərin formatını bərpa etməyi təklif edib və belə bir görüşü Bağdadda keçirməyə hazır olduqlarını bildiriblər.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, belə təşəbbüslər müsbət qiymətləndirilməlidir:
“Lakin İraqın müstəqil siyasəti və Körfəz ölkələri yanında o dərəcədə nüfuzu yoxdur ki, onun təşəbbüsünü qiymətləndirsinlər. İraqda de-fakto çoxhakimiyyətli, müstəqil olmayan idarəetmə sistemi var. Hakimiyyətin bir qolu şiə məzhəbçi İran yönümlü dairələrdir. Digər qolu ilə ABŞ yönümlü kürd və digər quruplardır. Təşəbbüs xoşməramlı olsa da, bunun baş tutması real görünmür. Eyni zamanda, tərəflərin buna necə yanaşması və nəticə ortaya qoyulması ehtimalının nə dərəcə olduğunu müəyyən etmək lazımdır. Xüsusən hələ İran və ABŞ arasında, əsasən İsrail və İran arasında münaqişələr tam həllini tapmayıb. Zəif və kövrək bir anlaşma imzalanıb, ona da tərəflər hələ ki, riayət etmir, atəşkəs pozulur. Körfəz ölkələri ilə İranın arasında sabitlik və anlaşma ABŞ ilə İran arasında problemin həllindən sonra baş tuta bilər. Ona görə ki, bu ölkələrlə İran anlaşsa belə İran ilə ABŞ arasında yenidən hansısa münaqişə, qarşılıqlı atəşkəsin pozulması halları baş verərsə, həmin ölkələr yenidən hədəfə çevriləcək. Körfəz ölkələri də tam müstəqil deyil. Əsasən ABŞ bazarlarına ev sahibliyi etdikləri üçün birbaşa olmasa da, dolayı yolla Vaşinqtonun mövqeyinə möhtacdırlar. Əgər həm İraq tərəfə, həm də Körfəz ölkələri tərəfə Vaşinqton yaşıl işıq yandırsa onlar İranla razılıq əldə edə bilərlər”.
Nurgün Qənizadə