İş yerində huşunu itirib: Səbəbin D vitamini çatışmazlığı olduğu məlum olub
Bəzən gündəlik yorğunluq, halsızlıq və enerji çatışmazlığı adi iş rejiminin nəticəsi kimi qəbul edilir. Lakin bu əlamətlərin arxasında orqanizmdəki vitamin çatışmazlığı da dayana bilər.
Hadisə Böyük Britaniyada yaşayan 23 yaşlı Saskia Reeves-Priestley ilə bağlıdır. Gənc qadın iş zamanı qəfil başgicəllənmə, ürəkbulanma, ürəkdöyünmə və bədənində istilik hiss etdikdən sonra huşunu itirib. Özünü sağlam hesab edən və həftədə dörd dəfə futbol oynayan Saskia bu hadisədən sonra tibbi müayinədən keçib. Qan analizləri onun D vitamini səviyyəsinin son dərəcə aşağı olduğunu üzə çıxarıb.
Mütəxəssislərin sözlərinə görə, D vitamini çatışmazlığını müəyyən etmək bəzən çətin olur. Çünki bu problem uzun müddət aşkar əlamətlər verməyə bilər. Xüsusilə davamlı yorğunluq, sümük və oynaq ağrıları, əzələ zəifliyi diqqət tələb edən əlamətlər sırasındadır.
D vitamini əsasən günəş şüalarının təsiri ilə orqanizmdə yaranır. Yağlı balıq və bəzi digər qidalar da bu vitaminin mənbəyidir. Xüsusilə günəşli saatların azaldığı qış aylarında orqanizmdə D vitamini səviyyəsi aşağı düşə bilər.
Hazırda Saskia həkim tövsiyəsi ilə D vitamini əlavələri qəbul edir və yenidən futbol oynamağa qayıdıb.
Qeyd edək ki, huşun itirilməsini yalnız D vitamini çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil. Belə hal baş verdikdə mütləq tibbi müayinədən keçmək vacibdir.
Fatimə İbrahimova