00:00:00
Yazar
Zəhra Həsənova
18.06.2026 20:04 32 2 dəq oxuma
Siyasət

IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"

IsDB Prezidenti: "Azərbaycan ticarət və investisiyaların inkişafı üçün ideal məkana çevrilib"

Azərbaycanın regionlar və bazarlar arasında əlaqələndirici halqa kimi artan rolu ölkəni ticarət, investisiyalar və regional inteqrasiyanın inkişafına həsr olunmuş forumun keçirilməsi üçün ideal məkana çevirir.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, İslam İnkişaf Bankının Bakıda fəaliyyət göstərməsi və hazırda Bakıda keçirilən forumda iştirak etməsi onun özəl sektora dəstək vermək niyyətinin göstəricisidir:

 

“Çünki bu bankın Azərbaycanla artıq uzun illərdir ki, sıx və səmərəli əməkdaşlığı mövcuddur. Məhz bu forum çərçivəsində də özəl sektorun inkişafına dəstək məqsədilə bankın ciddi həcmdə investisiyalar ayırmaq niyyətində olduğu bildirilir. Ümumilikdə, forum çərçivəsində təxminən 4,7 milyard ABŞ dolları məbləğində vəsaitin 30-dan çox layihəyə yönəldilməsi gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, İslam İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı qədim, genişmiqyaslı və uzunmüddətli xarakter daşıyır. Bu əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir”.

 

Politoloqun sözlərinə görə, hazırda qlobal miqyasda mövcud olan müxtəlif iqtisadi və siyasi proseslərdən asılı olmayaraq, bank Azərbaycanla əməkdaşlıqda maraqlıdır:


“Bunun əsas səbəblərindən biri ölkədə investisiya üçün əlverişli mühitin və geniş imkanların mövcud olmasıdır. İnvestorlar öz kapitallarını gəlirli və perspektivli layihələrə yönəltmək istəyirlər və Azərbaycan bu baxımdan cəlbedici ölkələrdən biridir. Eyni zamanda, Orta Dəhlizin fəaliyyətə başlaması və Şərqdən Qərbə, Asiyadan Avropaya yükdaşımaların bu marşrut vasitəsilə həyata keçirilməsi Azərbaycanın logistika baxımından strateji əhəmiyyətini daha da artırır. Hazırda dəhlizin bütün potensialı tam reallaşmasa da, xüsusilə Zəngəzur istiqamətinin tam istifadəyə verilməsi onun rolunu daha da gücləndirəcək. Gələcəkdə dəhlizin illik 35-40 milyon ton yükdaşıma potensialına çatacağı proqnozlaşdırılır ki, bu da Azərbaycanın iqtisadi əhəmiyyətini daha da artıracaq. Bu istiqamətdə də İslam İnkişaf Bankı ilə əməkdaşlıq genişlənəcək. Bundan başqa, Şərqi Zəngəzur iqtisadi rayonunda böyük quruculuq və bərpa işləri həyata keçirilir. Bu ərazilərdə ciddi investisiya imkanları mövcuddur və bankın da həmin layihələrdə iştirak etməsi mümkündür. Həmçinin bank zəngin ərəb ölkələrindən olan investorların bölgəyə cəlb edilməsində mühüm vasitəçi rolunu oynaya bilər. Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən layihələr böyük investisiya imkanları yaradır. Bu baxımdan, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də hər iki tərəf üçün faydalı və perspektivli olacağı şübhəsizdir”.

Selcan Xudiyeva

#baki #"azərbaycan #çevrilib" #məkana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər