İşğaldan azad olunan ərazilərdə işləyənlərə şad xəbər
İşğaldan azad edilən ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri həyata keçirilir. Maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik 600 manat müavinət veriləcək. Bununla yanaşı, həmin şəxslərin maaşlarının artırılması və hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. Layihə Əmək Məcəlləsində edilən dəyişikliklərə əsasən peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirən, son 5 ildə azı 2 il əmək stajı olan və azad edilən ərazilərimizdə əmək müqaviləsi əsasında çalışanlara aiddir. Bu cür tədbirlər insanların doğma yurdlarında məskunlaşmasını stimullaşdırmaq və rifahlarının yüksək səviyyədə təmini məqsədilə həyata keçirilir.
Azad olan ərazilərdə əhalinin məşğulluğunun təmini üzrə hökumət davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni dəyişikliklərə əsasən, işçilər 2026-cı ilədək ödədikləri sosial sığorta haqlarını da 100% geri alacaqlar. Bu müddət ərzində işçilərin fərdi hesablarında pensiya kapitalı toplanacaq və sosial sığorta stajları davam edəcək. Sosial sığorta haqlarının subsidiya edilməsi onların maaşlarının daha da artmasına imkan verəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80, sonrakı 3 ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq. İqtisadçı Samir Heydərovun sözlərinə görə, fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları və torpaq pay mülkiyyətçilərinin ödədiyi sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. “Böyük Qayıdış” proqramı çərçivəsində büdcədən 3 milyard manat bərpa və quruculuq işlərinə vəsait ayrılıb. Orada biznes fəaliyyəti görmək istəyən bütün subyektlər üçün vergilər sıfırlanıb, yəni biznes fəaliyyəti ilə məşğul olmaq istəyən rezidentlər hər bir Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan vergi növlərindən azaddır”.
Qeyd edək ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktiv qaydada, yəni həmin işçilərin müraciət və sənəd təqdim etməsinə ehtiyac olmadan təyin olunacaq.
AYSU
