İslamabad razılaşmasının bəzi detalları açıqlanıb
ABŞ və İran arasında əldə olunduğu bildirilən İslamabad razılaşmasının bəzi detalları açıqlanıb. Məlumata görə, razılaşmanın 13-cü bəndinə əsasən, dəniz mühasirəsinin ləğvi, Hörmüz boğazının açılması, İranın neft satışına tətbiq edilən sanksiyaların götürülməsi və dondurulmuş aktivlərinin azad edilməsi kimi şərtlər yerinə yetirilmədən yekun nüvə sazişi üzrə danışıqlar aparılmayacaq. Son mərhələdə isə İranın tələbi ilə bu bəndə əlavə edilən yeni şərtə əsasən, İranda və ya “müqavimət cəbhəsi” adlandırılan qüvvələrə qarşı hər hansı hərbi əməliyyat baş verərsə, yekun razılaşma üzrə danışıqlar və sənədin icrası dayandırılacaq.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, burada söhbət ABŞ-nin prosesə müdaxilə edib-etməməsindən gedir:
“İsrail tərəfi artıq bəyan edib ki, onlar heç bir halda bu razılaşmanın şərtlərinə əməl etmək fikrində deyillər. Daha doğrusu, Livana qarşı, yəni Hizbullaha və HƏMAS-a qarşı əməliyyatları davam etdirəcəklər. Burada bir məsələ var ki, əgər belə bir hal olarsa və İsrail bu addımları atarsa, ABŞ İsrailə yardım göstərəcəkmi? Çünki ABŞ mübarizə aparmamağı öhdəsinə götürüb. Eyni zamanda, ABŞ-nin İsraili qorumaq məsələsi də aktual olaraq qalır. Yəni, ‘İsraili qoruyuruq’ arqumenti ilə proksi qüvvələrə qarşı əməliyyat həyata keçirə bilər. Bu tip məsələlər də mövcuddur.
Qarışıq məqamlar çoxdur və müqavilədə də bunlar konkret şəkildə göstərilmədiyi üçün mən bu müqavilənin yaxın perspektivdə vəziyyəti sabitləşdirəcəyinə inanmıram. Ortada bir fakt var ki, ABŞ İsraili müdafiə etməlidir.
İkinci məsələ isə ABŞ-nin İranın müqavimət cəbhəsinə qarşı əməliyyat həyata keçirməyəcəyi ilə bağlıdır. Bu da çox inandırıcı görünmür. İstənilən halda, burada əsas məsələ İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsidir. Bu sanksiyaların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.
Eyni zamanda, İranın neft bazarına daxil olmasına şərait yaradılması, ABŞ şirkətlərinin İranın müxtəlif sahələrinə, xüsusilə də enerji sektoruna investisiya yatırmasının təmin edilməsi məsələləri də gündəmdədir. Bu kimi addımların təhlükəsizlik məsələləri fonunda atılması mümkündür. Açıq desək, Trampı daha çox maraqlandıran məsələ İran neftinin dövriyyəyə qaytarılmasıdır. O çalışır ki, Amerika şirkətləri İran neftinə investisiya yatıraraq bu ölkəni öz tərəflərinə çəksinlər. Hazırda əsas iş prinsipi məhz bu məsələ üzərində qurulub”.
Fatimə Hüseynli