İşlənmiş batareya təhlükəsi
Çox vaxt işlətdiyimiz batareyaları enerjisi bitəndən sonra tərəddüd etmədən zibil qutularına atırıq. Əsas odur ki, evimizdə qalmasın, bizə zərər verməsinlər. Amma bunu edərkən də özümüzü necə təhlükəyə atdığımızın fərqində olmuruq. “Bəs zibil qutularından başqa haraya ata bilərik axı?”. İnformator.az bu sualın cavabını oxucuları üçün araşdırıb.
Adətən istifadə etdiyimiz batereyaları işləkliyi bitdikdən sonra zibil qutularına atırıq. Düşünürük ki, bununla da zərərli təsirə sahib bu vasitədən qurtulmuş oluruq. Amma batareyaların ziyanı məhz küçəyə atıldıqdan, eləcə də zibil qutusuna düşdükdən sonra başlayır.
İndi işlənmiş batareyalardan qurtulmaq heç də çətin deyil. Çünki müxtəlif marketlər, eləcə də digər məntəqələrdə bu cür konteynerlar var. Bu konteynerlərə batereyaları ataratq həm öz sağlamlığınızı, həm də təbiəti qoruya bilərsiniz.
Eologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirir ki, batareyalar toplanır, təhlükəli tullantılar hücrəsinə verilir və orada utilizasiya olunur: “Qutular həm Bakı, Sumqayıt ərazisində, rayon mərkəzlərində qoyulub. Dövlət qurumlarında, mallarda yerləşdirilib. Çox xoşdur ki, 1 il ərzində 600 kq-a qarşı vətəndaşlar tərəfindən batareyalar verilib”.
Bu, ilk başda bəsit məsələ kimi görünə bilər. Amma ekoloqların apardığı tədqiqatlara görə, Azərbaycandakı təhlükəli tullantıların ümumi həcmi 2%dirsə, onların 1% qədərini batareyalar təşkil edir.
Ekoloq İslam Mustafayev deyir ki, batareyalar zibil qutularına atıldıqda ondan bir sıra maddələr ayrılır, bunlar da insan sağlamlığına zərərdir: “Məsələn, civə insanların böyrəklərində, qurğuşun isə qaraciyərə, hətta beyinə toplanır. İnsanların qida zəncirinə də təsir edir. Çünki torpağa qarışaraq bitkilərə, heyvanlara təsir göstərir”.
Mütəxəssis onu da deyir ki, kiçik həcmli batareyaların uşaqlar tərəfindən udulmasına da tez-tez rast gəlinir. Ona görə də çalışaq, həm özümüzü, həm uşaqları, digər canlıları düşünək. İstifadədən sonra batareyaların düzgün utilizasiyası üçün onları müvafiq məntəqələrə təhvil verək.
Şəbnəm
