00:00:00
Yazar
Aysel Mirzəyeva
10.03.2026 21:20 26 2 dəq oxuma
Siyasət

İspaniyanın NATO-dan çıxması mümkündür?

 İspaniyanın NATO-dan çıxması mümkündür?

İspaniyanın solçu “Podemos”Partiyası krallığın NATO-dan çıxması ilə bağlı referendum keçirilməsini təklif edib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İspaniyanın NATO-dan çıxması ilə bağlı referendum təşəbbüsü Avropa və transatlantik təhlükəsizlik sisteminə ciddi təsir göstərə biləcək bir hadisə kimi qiymətləndirilə bilər:

 

“Məlumdur ki, NATO-nun əsas prinsiplərindən biri üzv dövlətlərin kollektiv müdafiə öhdəliyidir. Əgər İspaniya alyansdan çıxsa, bu, Avropadakı təhlükəsizlik balansını zəiflədə və alyansın cənub sərhədlərində boşluq yarada bilər. Xüsusilə Aralıq dənizi regionu, Şimali Afrika və Avropanın cənub-qərb sərhədləri baxımından NATO-nun strateji planlamasında İspaniyanın rolu mühüm olub. İspaniyanın iştirakının dayandırılması alyansın cənub planlamasında yeni risklərin yaranmasına gətirib çıxara bilər və digər üzv dövlətlərdə də regional müdafiə məsuliyyətinin artmasına səbəb olar. Referendum təşəbbüsü həmçinin İspaniyanın daxili siyasətinə əhəmiyyətli təsir göstərə bilər. “Podemos” partiyasının bu təklifi ölkədə NATO mövzusunda ictimai müzakirələri intensivləşdirir və digər siyasi qüvvələri mövqelərini açıq şəkildə ifadə etməyə məcbur edir. Solçu hərəkatın bu məsələyə fokuslanması seçicilər arasında alyansın roluna dair fikir ayrılıqlarını artırır”.

 

Həmçinin politoloq qeyd edib ki, eyni zamanda referendum təşəbbüsü gələcək seçkilər və hökumət koalisiyaları üçün strateji müzakirə mövzusuna da çevrilə bilər:

 

“Bu proses siyasi partiyaların xarici siyasət mövqelərini daha şəffaf təqdim etməsi və seçicilərin xarici təhlükəsizlik məsələlərinə təsir imkanlarını artırması baxımından önəmlidir. Təbii ki, əgər İspaniya referendum keçirib NATO-dan çıxma haqqında qərar verərsə, bu, ABŞ ilə münasibətlərə də təsir edəcək. NATO ABŞ-nin Avropadakı strateji mövqeyini gücləndirən əsas mexanizmdir və alyansın üzvlüyü vasitəsilə Vaşinqtonun regional təhlükəsizlik siyasəti formalaşır. İspaniyanın çıxışı ABŞ üçün həm simvolik, həm də praktik anlamda əhəmiyyətli itki olacaq. Simvolik olaraq, alyansın nüfuzuna təsir edəcək və ABŞ-nin Avropada müdafiə öhdəliklərini digər ölkələrlə daha sıx razılaşdırmasını tələb edəcək. Praktik olaraq isə ABŞ-nin hərbi planlaşdırma və resurs bölgüsü strategiyasını yenidən nəzərdən keçirməsi zərurəti yaranacaq. Bununla yanaşı, referendum təşəbbüsü Avropa İttifaqı daxilində də diplomatları və siyasi liderləri fəal müzakirələrə cəlb edəcək. Alyansdan çıxış yalnız təhlükəsizlik məsələlərinə təsir etmir, həm də iqtisadi və regional layihələrdə ABŞ və digər NATO ölkələri ilə əməkdaşlıq çərçivəsini yenidən qiymətləndirməyə səbəb olur. Qısacası, İspaniyanın NATO-dan çıxması təşəbbüsü Avropa təhlükəsizlik sistemini, ölkənin daxili siyasətini və ABŞ ilə əlaqələrini əhatə edən çoxşaxəli təsirlər yaradır. Bu proses həm İspaniya üçün, həm də transatlantik əlaqələr üçün ciddi strateji nəticələr doğura bilər”.


Günel Əlili

#nato-dan #i̇spaniyanın #mümkündür? #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər