"İsrail ABŞ-ni yenidən savaşa çəkməyə çalışa bilər" - politoloq Tural İrfan
İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bildirib ki, "Trampın razılaşması bizim üçün vacib deyil, İsrail Birləşmiş Ştatlara tabe olmur və biz müstəqil, suveren dövlətik". Tramp isə vurğulayır ki, Netanyahunun razılaşmadan xəbəri var.
Mövzu ilə bağlı politoloq Tural İrfan bildirib ki, İranla bağlı ABŞ-ni əsas təhrik edən İsrail idi:
"Donald Trampın müharibə etmək istəmədiyi də məlumdur. Epişteyn faylı yəhudi lobbisinin təsiri ilə açıldı və şantajdan qorxub hakimiyyəti itirməkdən narahat olan Tramp çarəsiz savaşa başladı. Lakin nəticələr fərqli cərəyan etdi. Çünki ABŞ daxilində də siyasi dairələr bu savaşın İsrailin savaşı olduğunu qeyd edirdilər. Odur ki, hazırkı razılaşma belə ABŞ-nin nüfuzuna ciddi zərbə vurdu və məğlub duruma düşürdü. Hesablamalar özünü doğrultmadı. Hücuma qərar praqmatik deyil, emosional idi. Lakin İsrail bu razılaşmanı qəbul etmir. Mümkündür ki, yaxın günlərdə yenidən Yaxın Şərqdə pozuculuq işlərinə başlasın və ABŞ-ni yenidən savaşa çəksin. Onsuz da Livanla bağlı problemlər qalır. İsrail bəyan edir ki, Livanda tutduğu ərazilərdən çıxmayacaq və Qəzzada törətdiyini Livanda da törədəcək. İsrail əsla Yaxın Şərqdə sabitlik istəmir. Çünki yeganə məqsəd qonşu ərəb ölkələrini işğal edib əhalisini qırmaqdır. Bunu əsla gizlətmirlər də. İsrail bu siyasətində qətiyyətlidir, dönməzdir. Hətta ABŞ dəstək verməsə belə özü müstəqil şəkildə bu əməliyyatları aparacağını dilə gətirir. Hazırda Suriyada da məzhəb qarşıdurmaları müşahidə olunur. Keçmiş rejimin vəzifəli şəxslərin evlərinə bəzi şəxslər hücum təşkil edir. Görünür ki, bölgəni yenidən qarışdırmaq üçün İsrailə bağlı dairələr təxribat aparırlar. Eyni zamanda Livanda da vəziyyət ağırdır. ABŞ və İran arasında imzalanan razılaşma heç nəyi həll etmir. Əksinə bu cür vəziyyət İranı daha da məğlubedilməz obrazda təqdim edərək Yaxın Şərqdə gücləndirdi. Bunu əsas gətirən İsrail də əvvəlindən daha sərt şəkildə hücumlara davam edəcək. Artıq İsrail rəsmiləri ABŞ-ni dinləməyəcəklərini qeyd edirlər. Əgər İsrail Livana yenidən hücum etsə təbiidir ki, İran və ona bağlı proksilər də hərəkətə keçəcək. Nəticədə, müharibə yenidən alovlanacaq. Razılaşmada ABŞ tərəfi İsrailin mövqeyini nəzərə almayıb, sanki onun adından Livanda atəşkəslə bağlı öhdəlik götürüb. İsrail də bunu qəbul etmir. Növbəti mərhələdə ya İsrail ilə ABŞ arasında ciddi ziddiyətlər meydana çıxacaq ya da İsrail təkbaşına işğal siyasətinə davam edəcək. Hazırki razılaşma Yaxın Şərqdə mövcud vəziyyətin nizama salınmasına əsla təsir etməyəcək. İran onsuz da bəyan edirdi ki, nüvə silahı düzəlmir. Zorla boynuna qoyurdular ki, yox sən nüvə silahı düzəldirsən. İndi də razılaşdılar ki, nüvə silahı düzəltməyəcək. Gülünc bir məsələdir. İsrail daxilində müxalifət də aktivləşib baş nazirin əleyhinə çıxışlar edir. Müharibədə uduzduğunu dilə gətirirlər. Ümumiyyətlə, görünür ki, çox şey yarımçıq qalıb. Prosesi başlayan ABŞ və İsrail olsa da yekunlaşdıran İran oldu. Ona görə də İsrailin yenidən yeni proseslərə başlaması gözlənilir".
Zəhra Həsənova