İsrail hər zaman Azərbaycanın yanındadır
"Şərqi və Şimali Qafqazda yəhudilər" adlı beynəlxalq konfransa qatılan yəhudilər İnformator.az.a Azərbaycana səfərin onlarda xoş təəssürat yaratdığını deyiblər.
İsraildən gələn tur rəhbəri Milananın sözlərinə görə, o Azərbaycanda özünü heç də yad hiss etmir. "Mən bura gələndə gördüm ki, insanlar necə bir-birinə bağlıdır və həmçinin necə bizi qəbul edirlər. Azərbaycanlıların yəhudilərə sakit davranışı, gözəl yanaşmağı mənim üçün möhtəşəm idi. Onu da demək istəyirəm ki, Bakı getdikcə dəyişir və inkişafdadır. İsraillə müqayisədə Bakıda daha sakit həyat tərzi hökm sürür".
Avropa yəhudilərindən Moisey Bekker isə deyir ki, istər İsrail, istər Avropa, istərsə də Azərbaycan yəhudiləri heç də bir-birindən çox fərqlənmir. Ola bilsin, onların dili, dini və adət-ənənələrində müəyyən fərqlər var, lakin hamısını birləşdirən ortaq nələrsə mütləq mövcuddur.
Bekker dini fərqlərin onlara yaşatdığı problemləri də bizlə bölüşdü. “Yəhudilər hər bir ölkədə yaşasalar da, əsasən xristian ölkələrində problem yaşayıblar. Belə bir mif var ki, o vaxt yəhudilər xristianların Allahını öldürüblər, ona görə də bir sıra problemlər yaşanıb. Lakin 1965- cı ildə Vatikan bu günahı yəhudilərdən götürüb və artıq düşünmürlər ki, bu günah məhz yəhudilərin idi".
Bekker Türk dünyası haqqında təsəvvürləri isə həqiqətən ortadakı səmimi dostluq münasibətlərini əks etdirir. "1492-ci ildə yəhudilər İspaniyadan qovulanda onları məhz Osmanlı imperiyası qəbul edib. Sultan II Bəyazid Allahın onun xalqını qorumaq əmrini verdiyini deyərək yəhudilərə orada yaşamaq icazəsi verib".
Son olaraq Bekker 44 günlük Vətən Müharibəsi barəsində danışmağı da özün borc bildiyini deyir. "Müharibə zamanı biz Azərbaycanın yanında olduq. İlk növbədə Azərbaycan İsraildən ən yüksək texnologiyalı silahlar aldı. İsrail öz təşəbbüsü ilə Azərbaycan qazilərinə kömək etmək üçün oftalmoloqlar, cərrah və digər həkimləri göndərmişdi ki, Azərbaycan əsgərlərinə kömək etsinlər. İsrail Azərbaycana ən yeni silah olan "LORA"nı verib ki, heç İsrail özü onu istifadə etməyib. Bundan başqa İsrail həmişə beynəlxalq arenalarda Azərbaycanı dəstəkləyib".
ZİBEYDƏ ƏLİZADƏ
