00:00:00
Yazar
Səmayə Səftərova
15.05.2026 21:23 25 2 dəq oxuma
Dünya

İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb

İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb

İsrail İrana qarşı hərbi əməliyyatın yenidən başlanmasını istisna etmir və buna hazırdır. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, son hərbi kampaniyalar qlobal vəziyyətə ciddi təsir göstərib:

 

"İsrailin yenidən hərbi əməliyyatlara başlaması ABŞ ilə razılaşdırılmış addım kimi qiymətləndirilir. Vaşinqton və Təl-Əviv arasında formalaşan strateji müttəfiqlik tərəflərin qarşıya qoyduğu əsas hədəflərdən geri çəkilməsinə imkan vermir. Bununla belə, son dövrlərdə ABŞ və İsrail münasibətlərində müəyyən fikir ayrılıqları da müşahidə olunur. ABŞ Konqresində aparılan müzakirələr zamanı bəzi konqresmenlər Donald Trampın İsrailin təsiri altında olduğunu iddia ediblər. Digər tərəfdən isə ABŞ administrasiyasının nümayəndələri İsraili Vaşinqtonun əsas və etibarlı müttəfiqi adlandıraraq, onu tək buraxa bilməyəcəklərini bildiriblər. Son hərbi kampaniyalar qlobal vəziyyətə ciddi təsir göstərib. Enerji və neft bazarlarında dalğalanmalar artıb, beynəlxalq birjalarda qeyri-sabitlik yaranıb. Bu proseslər bir çox ölkədə inflyasiyanın yüksəlməsinə və iqtisadi təzyiqlərin artmasına səbəb olur".

 

Müsahib bildirib ki, Donald Trampın Pekində keçirdiyi görüşlərdə də İran məsələsi ilə bağlı ciddi razılaşmanın əldə olunmadığı vurğulanır:

 

"Bildirilir ki, Trampın əsas məqsədi Çinlə tariflər və iqtisadi layihələr üzrə ABŞ üçün daha əlverişli şərtlər formalaşdırmaq olub. Çünki ticarət balansında üstünlük əsasən Çinin tərəfində qalır. ABŞ administrasiyası tarif siyasəti ilə daxili iqtisadiyyatı və istehsal sektorunu qorumağa çalışsa da, bu istiqamətdə hələlik ciddi nəticə əldə edilmədiyi qeyd olunur. Regionda baş verən proseslər fonunda İranın mövqeləri də müəyyən mənada güclənir. Xüsusilə, Türkiyə, Pakistan və bəzi ərəb ölkələrində ictimai rəyin daha çox İranın mövqeyinə yaxın olduğu bildirilir. Eyni zamanda, ərəb dünyasında İsrailin hərbi siyasətinə qarşı narazılığın artdığı vurğulanır. Hazırkı proseslər dünya nizamında yeni dəyişikliklərin formalaşdığını göstərir".

 

Müsahib vurğulayıb ki, ABŞ-yə olan etimadın müəyyən qədər zəiflədiyi, beynəlxalq münasibətlər sistemində yeni təsir bölgələrinin yarandığı qeyd olunur:

 

​​​​"Bununla yanaşı, ABŞ–İsrail münasibətlərinə beynəlxalq yanaşmanın da əvvəlki dövrlərlə müqayisədə dəyişdiyi bildirilir. Enerji bazarındakı vəziyyətin isə hələ də gərgin olaraq qaldığı vurğulanır. Təhlillərə görə, regionda hərbi əməliyyatların yenidən genişlənməsi halında neftin qiymətində ciddi artım baş verə bilər. Bu isə xüsusilə, enerji resurslarından asılı olan Avropa ölkələri və digər idxalçı dövlətlər üçün əlavə iqtisadi risklər yarada bilər. Məhz bu səbəbdən Avropa ölkələri gələcək mərhələdə regionda gərginliyin artmasına daha ehtiyatlı yanaşacaq və münaqişənin genişlənməsini dəstəkləməyəcək. Bu yanaşma isə sərt təzyiq siyasətinin əvvəlki effektivliyini itirdiyini göstərən əsas amillərdən biri kimi qiymətləndirilir".

 

 

Səmayə Səftərova

#dünya #gündəm #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər