İsrail İranın “Bank Melli”sini terror təşkilatı elan edib
İsrailin müdafiə naziri İsrael Katz İranın dövlət bankı olan “Bank Melli”ni terror təşkilatı kimi tanıyan bəyannamə imzalayıb. Qərar İsrailin təhlükəsizlik qurumlarının tələbi ilə qəbul olunub. Bildirilib ki, bank terrorla əlaqəli qurumların maliyyələşdirilməsində iştirak edir və sanksiyalardan yayınmaq üçün istifadə olunur. Bu fonda ABŞ-də İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin müdafiə naziri İsrael Katzın İranın dövlət bankı olan “Bank Melli”ni terror təşkilatı kimi tanıyan bəyannamə imzalaması həm regional, həm də beynəlxalq siyasət və maliyyə sistemində ciddi təsir doğuracaq:
“Şübhəsiz ki, bu qərar birbaşa onsuz da düşmənçilik səviyyəsində olan İran-İsrail münasibətlərini daha da gərginləşdirəcək. İsrailin mövqeyi artıq mövcud hərbi və kiber qarşıdurmaların maliyyə komponentini də əhatə edir. “Bank Melli”nin terror təşkilatı elan edilməsi İrana qarşı açıq maliyyə sanksiyası mesajıdır və regionda İsrailin strategiyasını gücləndirir. Bu, həm də İsrailin daxili auditoriyasına və beynəlxalq ictimaiyyətə sərt mövqeyini nümayiş etdirmə vasitəsi kimi çıxış edir. Lakin qərar qarşı tərəfi daha aqressiv davranmağa təşviq edə bilər. Xüsusilə, İranın proksi qrupları və bölgədəki nüfuz dairəsi nəzərə alınarsa, “Bank Melli”nin terror təşkilatı elan edilməsi beynəlxalq maliyyə sistemində də ciddi nəticələr yarada bilər.mQlobal banklar bu qurumla əməliyyat aparmaqdan çəkinəcək, çünki belə əlaqələr həm hüquqi, həm də reputasiya risklərini artırır. SWIFT və beynəlxalq valyuta tranzaksiyaları məhdudlaşacaq ki, bu da İranın xarici maliyyə axınlarına mövcud olan təzyiqi daha da gücləndirəcək. Eyni zamanda beynəlxalq investisiya və maliyyə institutları investorlarının İran bank sektoruna qarşı ehtiyatlı mövqeyi ölkənin iqtisadi imkanlarını bir az da daraldacaq. Bu sanksiya və məhdudiyyətlər, xüsusilə, valyuta sabitliyi və inflyasiya baxımından daxili iqtisadi çətinlikləri artırmaq potensialına malikdir. ABŞ-nin yeni sanksiyaları isə İranın iqtisadi və siyasi mövqeyini zəiflətmək məqsədi daşıyır. Neft satışları və beynəlxalq ticarət əməliyyatları daha da məhdudlaşacaq, maliyyə axınlarının regional təsir qruplarına yönəlməsi çətinləşəcək. Bu, İranın regiondakı siyasi təsir imkanlarını da maksimum dərəcədə azalda bilər. Şübhəsiz ki, Tehran yenə də qismən Rusiya, Çin və bəzi regional tərəfdaşlar vasitəsilə bu təzyiqi yumşaltmağa çalışacaq. Lakin indiyədək olan təcrübə göstərir ki, təzyiqin Rusiya və Çin vasitəsilə yumşaldılması elə də effektiv yol deyil. Hazırda İranda mövcud olan daxili iqtisadi çətinliklər və siyasi narazılıqların artması da bunun bariz göstəricisidir. Odur ki, İsrailin və ABŞ-nin atdığı addımlar həm regionda, həm də qlobal maliyyə sistemində İran üzərində iqtisadi və siyasi təzyiq mexanizmi rolunu oynayır. Eyni zamanda bu qərar və sanksiyalar İsrailin İranın maliyyə sisteminə nəzarət etmə strategiyasını, ABŞ-nin isə regiondakı təsir imkanlarını gücləndirmə siyasətini nümayiş etdirir”.
Mələk Hüseynova
