İsrail və HƏMAS atəşkəsin birinci mərhələsinə razılaşıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi üzrə razılığa gəliblər.
Müqaviləyə əsasən, İsrail girovlarının və fələstinli məhbusların azad edilməsi, İsrail qüvvələrinin Qəzzanın müəyyən hissəsindən çıxarılması və humanitar yardımların bölgəyə daxil olması nəzərdə tutulur.
İsrail hökumətinin bu gün keçiriləcək iclasda razılaşmanı rəsmən təsdiqləyəcəyi gözlənilir. Saziş təsdiqləndiyi halda, atəşkəs dərhal qüvvəyə minəcək.
ABŞ tərəfi bildirib ki, bütün qalan israilli girovların bazar ertəsi azad edilməsi planlaşdırılır. Bu zaman növbəti mərhələlər üzrə fəaliyyət cədvəli də nəzərdən keçiriləcək.
HƏMAS razılaşmanı təsdiqləsə də, fələstinli mənbələr BBC-yə İsrailin azad etməyi planlaşdırdığı məhbusların son siyahısının hələ onlara təqdim edilmədiyini bildiriblər.
Beynəlxalq müşahidəçilər razılaşmanı əlamətdar hadisə kimi qiymətləndirirlər, lakin Qəzzada sülh prosesinin tam reallaşacağına dair hələ zəmanət yoxdur, çünki bir sıra mühüm detallar üzərində danışıqlar davam edir.
Qəzzadakı fələstinlilər və İsraildəki girov ailələri Misirdə keçirilən gərgin danışıqlardan sonra əldə edilən irəliləyişi ümidlə qarşılayıblar.
BBC
Türkan Kərimli