İsraildə Təhlükəsizlik Şurasının iclası başlayıb
İsrailin Baş Naziri Benyamin Netanyahunun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb. İclas ABŞ və İran nümayəndələrinin Omanda nüvə proqramı üzrə planlaşdırılan danışıqlarından bir gün əvvəl keçirilir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində siyasi ekspert Asif Nərimanlı bildirib ki, onun fikrincə, İsrail Təhlükəsizlik Şurasının ABŞ-İran danışıqlarından əvvəl keçirilməsi həm mesaj vermək, həm də görüşdən çıxacaq nəticələrə uyğun addımların atılması məqsədi daşıyır:
"İsrail Amerika-İran danışıqlarının nəticəsinə uyğun olaraq öz addımlarını müəyyənləşdirir. İsrail İrana qarşı fərdi hərbi müdaxilə məsələsini və ya İranın ən azından regiondakı proksi qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsini müzakirə edir və bununla bağlı qərarlar qəbul etmək istəyir. Hesab edirəm ki, dediyim kimi, bu Təhlükəsizlik Şurasının keçirilməsinin məqsədi məhz görüşdən çıxacaq nəticələrə uyğun olaraq hansı addımların atılacağı ilə bağlı qərar verməkdir. Bu məsələni müzakirə edirlər".
Reyhan Quliyeva
