İsrailin qərarı Azərbaycan-İsrail münasibətlərini hələlik dəyişmir
İsrail hökuməti qondarma “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı təklifi yekdilliklə təsdiqləyib. Hökumətin təklifini Knesset (parlament) müzakirə etməli və səsverməyə çıxarmalıdır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin bu qərarı hələ yekun deyil və onun Azərbaycan-İsrail münasibətlərinə təsiri parlament müzakirələrindən sonra daha aydın olacaq:
“İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarı həm regional diplomatiya, həm də İsrailin Cənubi Qafqaz siyasəti baxımından diqqətlə izləniləcək məsələdir. Bununla belə, hüquqi baxımdan hökumətin mövqeyi ilə yekun qərar arasında fərq olduğunu da nəzərə almaq vacibdir. Bu qərar hələ parlamentdə müzakirə olunmalı və təsdiqlənməlidir. Yəni başqa sözlə proses hələ tamamlanmayıb. Məlumdur ki, Azərbaycan və İsrail arasında son illərdə formalaşmış münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Enerji əməkdaşlığı, müdafiə sənayesi, yüksək texnologiyalar, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində uzunmüddətli qarşılıqlı maraqlar mövcuddur. Bu münasibətlər təkcə ikitərəfli gündəmlə məhdudlaşmır, həm də Yaxın Şərq və Cənubi Qafqazdakı geosiyasi proseslər fonunda formalaşıb. Məhz buna görə belə həssas mövzuların tərəflər arasında yaranmış strateji əməkdaşlığa təsir etməsi ehtimalı diqqətlə qiymətləndirilməlidir”.
Politoloq qeyd edib ki, Azərbaycan bu məsələnin tarixçilər və beynəlxalq hüquq çərçivəsində araşdırılmasının tərəfdarıdır, lakin qərar təsdiqlənərsə, buna diplomatik yollarla münasibət bildirəcək:
“Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, tarixlə bağlı bu kimi məsələlər siyasi qərarlardan daha çox tarixçilərin və beynəlxalq hüquq müstəvisində aparılan obyektiv araşdırmaların predmetidir. Rəsmi Bakı, eyni zamanda, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmanı xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Bu baxımdan İsrailin belə bir addımı Azərbaycan ictimaiyyətində və siyasi dairələrində haqlı narazılıq doğurur və elə o səbəbdəndir ki, rəsmi Bakı İsrailə müvafiq qərar yenidən baxmaq üçün müraciət edib. Ümumiyyətlə isə mövcud strateji tərəfdaşlığın yalnız bir məsələ üzərində qurulmadığını da nəzərə almaq lazımdır. Beynəlxalq münasibətlərdə dövlətlər müxtəlif məsələlər üzrə fərqli mövqelərə malik ola bilərlər. Bu isə avtomatik olaraq bütün əməkdaşlıq mexanizmlərinin dayanması anlamına gəlmir. Əgər məsələ parlamentdə də təsdiqlənərsə, Azərbaycan təbii ki, buna diplomatik kanallar vasitəsilə münasibət bildirəcək. İstənilən halda biz dövlətlərarası münasibətlərin qorunması və yaranmış fikir ayrılıqlarının institusional çərçivədə müzakirəsinin tərəfdarıyıq. Ümid edək ki, İsrail tərəfi bu məsələnin bizim üçün də nə qədər həssas olduğunu dərk edərək səhvindən geri çəkiləcək və hökumətin qərarı Knessetin müzakirəsinə təqdim olunmayacaq”.
Aydan Əsgərxanlı