00:00:00
Yazar
Admin User
30.01.2026 17:36 74 2 dəq oxuma
Siyasət

"İsraillə münasibətlər daha da kəskinləşəcək"

"İsraillə münasibətlər daha da kəskinləşəcək"

İrana qarşı istənilən təcavüz ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu təhlükə altına qoyacaq.  Bu barədə SEPAH nümayəndəsi Abdulla Hacı Sadəgi IRNA agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda İran silahlı qüvvələrinin əlçatanlıq zonasında təkcə bir hərbi baza deyil, ABŞ və regional muzdlularının bütün hərbi infrastrukturu yerləşir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ İrana qarşı aviazərbələr endirməyə hazırlaşır və bu məqsədlə böyük hərbi qüvvə Fars körfəzinə cəmləşdirilib:

 

“İranın qonşuluğunda yerləşən ölkələr ABŞ-nin bu ölkəyə hava zərbələri endirməsi ehtimalına ciddi narahatlıqla yanaşırlar və dəfələrlə müraciət edərək Vaşinqtonu bu addımdan çəkinməyə çağırıblar. Lakin Ağ Ev administrasiyasının mövqeyi dəyişməzdir. Bu qüvvələrin başında “USS Abraham Lincoln” aviadaşıyıcısı və digər hərbi gəmilər dayanır. Yaxın günlərdə ABŞ-nin İranın müəyyən yüksək vəzifəli hərbçilərinə, hərbi obyektlərinə və nüvə infrastrukturlarına növbəti zərbələr endirməsi ehtimal olunur. Söhbət, İranın nüvə proqramından və ballistik raket proqramından imtina etməsindən, eləcə də bölgədəki proksi qüvvələrə dəstəkləməməkdən gedir. Bunun qarşılığında İran sarsıdıcı cavab zərbələri endirəcəyini deyir. ABŞ bazalarına mümkün hücumlar Vaşinqtonu o qədər də qorxutmur, çünki bölgəyə kifayət qədər hava hücumundan müdafiə sistemləri yerləşdirilib. ABŞ-ni daha çox narahat edən məsələ Hörmüz boğazının bağlanması ehtimalıdır”.

 

Müsahib qeyd edib ki, İsrailin bu hücumlarda müəyyən formada iştirak etməsi mümkündür:

 

"Ümumilikdə, bölgədə gərginlik artacaq. Bu, bölgə dövlətləri üçün arzuolunan hal deyil. Ancaq dünyanın böyük gücləri öz imkanlarından istifadə edərək düşündüklərini reallaşdırmağa çalışırlar. İndi bu proses daha açıq və kəskin forma alıb və bu cür davranışların qarşısını alacaq mexanizm və qurum yoxdur”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər