İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
Hazırda sahibkarlar kommersiya məqsədilə biznes krediti götürdükdə sığortalanır və banklar müvafiq sığorta xidmətlərini təklif edirlər. Lakin istehlak kreditləri üzrə hazırda sığorta tətbiq edilmir.
Mövzu ilə bağlı sığorta eksperti Vüsal Bədəlov “İnformator.az”a açıqlamasında bildirib ki , istehlak kreditlərində sığortanın olmaması borcalan üçün risklər yaradır:
“İstehlak kreditlərində sığortanın olmaması borcalan üçün bir sıra risklər yaradır. Əsas risk ondan ibarətdir ki, gəlirin itirilməsi hallarında, işsizlik, xəstəlik, qəza və əmək qabiliyyətinin itirilməsi kimi vəziyyətlərdə, həmin sığorta növü borcalanın borc məbləğinin ödənilməsini öz öhdəliyinə götürür və bu risklərin qarşısını alır. Bu, həmçinin maliyyə yükünün artmasına imkan vermir. Əgər gələcəkdə bu hallar baş verərsə və kredit götürən borcunu ödəyə bilməzsə, sığorta icra risklərini azaldır. Belə sığorta növləri əsasən ipoteka və biznes kreditlərində tətbiq olunur. Ümumiyyətlə, istehlak kreditlərində də bu məhsulun olması məqsədəuyğundur. Ola bilər ki, bu, məcburi deyil, amma banklar tərəfindən tələb oluna bilər.Burada əsas səbəb biznes kreditlərinin daha yüksək risk daşımasıdır. Bu kreditlərin məbləği böyük, müddəti isə uzun olur. Biznes fəaliyyətində uğursuzluqlar və dəyişkənliklər çox olur, bu da qaytarılma riskini artırır. İstehlak kreditlərində isə məbləğ və müddət az olduğundan sığorta şirkətləri bu kreditləri daha az riskli hesab edir. Buna görə də burada sığorta daha az tətbiq olunur. Amma bu, o demək deyil ki, tətbiq oluna bilməz. İstehlak kreditlərində sığorta həm əlavə yük, həm də qoruyucu mexanizm ola bilər. Əlavə yük kimi sığorta üzrə əlavə xərc borcun üzərinə gəlir və ümumi dəyəri artırır. Bəzi hallarda, əgər bu könüllü olarsa, şərtlər sığorta şirkətinə uyğun dəyişə bilər və bu da borcalan üçün əlverişsiz və baha ola bilər. Lakin qoruyucu mexanizm baxımından işsizlik və qəza kimi hallarda kredit ödənişlərinin müəyyən müddət ərzində sığortanın ödəməsi borcalanı hüquqi və maliyyə risklərindən qoruyur. Bu, həm də onun kredit reytinqinin pozulmamasına səbəb olur. Ən əsası isə psixoloji rahatlıq yaradır. Çünki işsiz qalan və ya qəza keçirən şəxs onsuz da psixoloji gərginlik içində olur. Əgər bu şəraitdə əlavə olaraq kredit borcu da yaranarsa, bu, insanın psixologiyasına ciddi təsir edə bilər. Bu sığorta növünü kütləvi şəkildə və ya daha riskli müştərilər üçün banklar tətbiq edə bilər. Reallıqda bu mümkündür. Əgər düzgün mexanizm qurularsa, tətbiqi də, icrası da uğurlu ola bilər”.

Arzu Poladova
