İstanbulda Fələstin yürüşü
Yeni ilin ilk günündə İstanbulda Fələstində davam edən qırğına etiraz məqsədilə kütləvi yürüş keçirilib. Qalata körpüsündə təşkil olunan aksiyada təxminən 520 min insan iştirak edib.
Türkiyə Gənclik Fondunun (TÜGVA) rəhbərliyi, İnsanlıq Alyansı və Milli İradə Platformasının təşkilatçılığı ilə keçirilən yürüş “Biz qorxmuruq, susmuruq, Fələstini unutmuruq” şüarı altında baş tutub. İştirakçılar Ayasofya, Sultanəhməd, Yeni Məscid, Fatih və Süleymaniyyə məscidlərinin qarşısında toplaşaraq “Allahu Əkbər” sədaları ilə Qalata körpüsünə doğru yürüş ediblər. Aksiyada nazirlər, QHT nümayəndələri və tanınmış şəxslər çıxış edib. Soyuq havaya baxmayaraq, çoxsaylı ailələr uşaqları ilə birlikdə etiraz aksiyasına qatılıblar. Təhlükəsizlik qurumlarının açıqlamasına görə, yürüşdə iştirak edənlərin sayı 520 min nəfərə çatıb. Tədbir boyunca qurulan platformadan Fələstin xalqı üçün dualar oxunub.
TRT XƏBƏR
Ləman Mahmudlu
