İstanbulda İŞİD əməliyyatı
İstanbul Baş Prokurorluğu tərəfindən İŞİD terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyatlar zamanı 8 şübhəli saxlanılıb.
Prokurorluğun açıqlamasına görə, Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınması və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu İstanbul Vilayət Jandarma Komandanlığı ilə birgə İŞİD-in maliyyə fəaliyyətlərini ifşa etmək məqsədilə əməliyyat keçirib. Əməliyyat Terrorla Mübarizə Şöbə Müdirliyi ilə koordinasiyalı şəkildə aparılıb.
Araşdırmalar zamanı münaqişə zonaları ilə əlaqəli şəxslərin müəyyən edildiyi, AG adlı şübhəlinin Suriyadakı münaqişə bölgələrində terrorçuları dəstəkləyən şəxslər və İstanbulda yerləşən tərəfdarları üçün “infak” adı altında pul topladığı müəyyən edilib.
İstintaq çərçivəsində BA, BK, D.Ç, HD, MG, OE, SA və HMC barəsində MASAK və HTS məlumatları araşdırılıb. Şübhəlilərin əvvəllər məhkəmə proseslərində iştirak etdikləri, maliyyə köçürmələri apardıqları və müəyyən şəxslərlə əlaqədə olduqları aşkar edilib. Bu əsaslarla İstanbulda 8 fərqli ünvanda keçirilən əməliyyatlar zamanı 8 şübhəli nəzarətə alınıb. Axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunub.
TRT XƏBƏR
Ləman Mahmudlu
