00:00:00
Yazar
Səadət Əlizadə
08.06.2026 18:45 30 2 dəq oxuma
Siyasət

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək. Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə ediləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı son illərdə Cənubi Qafqazda formalaşan ən sabit regional platformalardan birinə çevrilib:


“Xüsusilə, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirilən birgə layihələr regionda qarşılıqlı asılılığı artıraraq sabitlik faktoruna çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr bu əməkdaşlığın praktiki nəticələri kimi çıxış edir. İstanbulda keçiriləcək 10-cu görüş də göstərir ki, tərəflər dəyişən regional şəraitdə koordinasiyanı qorumağa və əməkdaşlığı daha institusional səviyyəyə daşımağa çalışırlar. Xüsusilə, postmüharibə dövründə regionda yeni kommunikasiya xətlərinin açılması və tranzit imkanlarının genişlənməsi bu formatın geosiyasi əhəmiyyətini daha da artırıb.

Müasir geosiyasi reallıq fonunda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həm Qərb, həm də regional güclər  diqqətlə izlənilir. Qərb bu formatı Avropanın enerji təhlükəsizliyi və alternativ tranzit marşrutları baxımından mühüm platforma kimi qiymətləndirir. Rusiya və İran isə regionda Türkiyənin artan təsirini və Qərblə inteqrasiyanı gücləndirən mexanizm kimi yanaşır. Bununla belə, üç ölkə əməkdaşlığı hərbi blok deyil, daha çox iqtisadi, logistika və siyasi koordinasiya platforması kimi təqdim etməyə çalışır. Bu da formatın həm regional balansı qorumasına, həm də Cənubi Qafqazda yeni qarşıdurma xəttinə çevrilməməsinə xidmət edir”.


Səadət Əlizadə

#rəhbərlərinin #azərbaycan #gündəm #türkiyə-azərbaycan-gürcüstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər