İstirahətsiz oxumaq zehni performansı aşağı salır
19 iyul tarixində Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu Tağıyeva Aqilə, III ixtisas qrupu üzrə (390.9 bal) isə Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu Sevil İsmayıllı göstərib. İnformator.az olaraq hər iki məzunla əlaqə saxlayıb onların təssüratlarını öyrəndik.
.jpg)
270 saylı orta məktəbin məzunu Aqilə Tağıyeva II ixtisas qrupunun suallarını orta səviyyədə qiymətləndirib: “ Fənlər içərisində ən çətini riyaziyyat idi, buna baxmayarq, ondan da maksimal nəticə göstərə bildim”. O, balını öyrənərkən çox sevindiyini bildirir: “Sonra isə “ən yüksək nəticə” topladığım barədə xəbəri oxudum. O an bunun bütün əziyyətlərimə dəydiyini düşündüm. İllərdir, bunu xəyal edirdim, amma düzünü desəm, reallaşacağına inanmırdım”, - deyə fikrinə əlavə edib.
Aqilə xanımın “özünüzü necə motivasiya edirdiniz?” sualına cavab olaraq qarşıya qoyduğu hədəfləri açıqlayıb: “Onlara çatmalı olduğumu davamlı özümə xatırladırdım. Bu yola başlamaq üçün, təbii ki, motivasiya gərəklidir. Lakin hər zaman bunun gəlməsini gözləmək olmaz. Ona görə də həmişə nizam-intizamlı olmağa çalışırdım”, - o qeyd edib.
Sonda isə uğurlu nəticə əldə etmək istəyən hər bir şagirdin çox çalışması, qarşıya hədəflər qoyması və nəticədə, sona qədər mübarizə aparması gərəkdiyini deyib.
Müsahibimiz Sevil İsmayıllı isə III ixtisas qrupunda II cəhd imtahanının digərinə nisbətən çətin olduğunu desə də, ümumi olaraq sualları normal qiymətləndirib. Həmçinin o, imtahan zamanı həyəcanının olduğunu da əlavə edib: “İmtahan zamanı həyəcan olsa da, başlamazdan əvvəl nəzarətçinin abituriyentlərlə söhbətlər aparması müəyyən qədər həyəcanı azaldıb. Sual kitabçası tapşırıqları yazanda isə həyəcan tədricən unudulur”.

“İmtahandan yüksək bal toplamaq üçün nizam-intizamın əhəmiyyəti nə qədərdir?” sualına Sevil xanım cavab olaraq bu faaktorunüksək nəticə üçün vacib olduğunu qeyd edib: “Hər gün davamlı və planlı şəkildə dərs çalışmağın, eyni zamanda, vaxtı düzgün qiymətləndirməyin əhəmiyyəti böyükdür”, - deyə bildirib.
Əlavə olaraq, o, abituriyentlərə nizam-intizamlı çalışmağı tövsiyə edib. Digər tərəfdən, yüksək nəticə əldə etmək üçün keçilən mövzuları təkrar etməyin böyük əhəmiyyəti olduğunu deyib. Onun sözlərinə görə, daim sınaqlarda iştirak etməyin də yüksək nəticə yolunda önəmi var: “ Düzgün vaxt bölgüsü üçün daim sınaqlarda iştirak etmək mütləqdir. Həmçinin çətinlik çəkilən mövzular sınaqlarda üzə çəxər. Həmin mövzularıa təkrar zamanı xüsusi önəm vermək lazımdır”. “İstirahətsiz dərs çalışmaq verimliliyin qarşısını almaqla yanaşı, zehni performansı da aşağı salır”, - Sevil İsmayıllı sonda qeyd edib.
İnformator.az əlavə edir ki, 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş imtahanda iştirak etmək üçün II qrup üzrə 15611, III qrup üzrə 18623 nəfər ərizələrini təsdiq edib. 34234 abituriyentdən II qrup üzrə 424, III qrup üzrə 314 nəfər, ümumilikdə 738 nəfər imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Fərahim Rzazadə
