00:00:00
Yazar
Ayşən Səlimova
27.02.2026 21:54 26 2 dəq oxuma
Dünya Özəl

İsveçrə Rusiyaya qarşı sanksiya xəttini sərtləşdirib - ŞƏRH

İsveçrə Rusiyaya qarşı sanksiya xəttini sərtləşdirib - ŞƏRH

İsveçrə hökuməti ötən ilin sonunda AB-nin qəbul etdiyi 19-cu sanksiya paketinə uyğun olaraq Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Bu barədə İsveçrə hökuməti məlumat yayıb.Bildirilib ki, İsveçrə 25 aprel 2026-cı il tarixindən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazının alışına tamamilə qadağa qoyacaq.

 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, İsveçrə Rusiyanın əsas enerji idxalçılarından biri olmaması səbəbindən bu addımın Rusiya iqtisadiyyatı üçün təsiri birbaşa həcm baxımından kritik görünməsə də, məsələ təkcə ticarət dövriyyəsinin həcmi ilə ölçülmür:

 

“Burada əsas faktor reputasiya və maliyyə sisteminə çıxış imkanlarıdır. İsveçrə qlobal maliyyə mərkəzlərindən biri olduğu üçün onun sanksiya rejiminə tam qoşulması Rusiyanın enerji gəlirlərinin dövriyyəsi və maliyyələşmə kanalları baxımından əlavə təzyiq yaradır. İkincisi, İsveçrənin 19-cu paketə tam uyğunlaşması Avropada vahid siyasi mövqenin daha da möhkəmləndiyini göstərir. Rəsmi olaraq Aİ üzvü olmayan, lakin iqtisadi və maliyyə baxımından Avropa sisteminə sıx inteqrasiya olunmuş bir ölkənin bu addımı atması sanksiya mexanizmlərinin koordinasiyalı şəkildə işlədiyini göstərir. Bu isə Rusiya üçün alternativ maliyyə və enerji marşrutlarının daralması deməkdir. Bundan başqa bu qərar neytral statusa malik ölkələr üçün də ciddi siqnal xarakteri daşıyır. İsveçrə ənənəvi olaraq neytral siyasəti ilə seçilib. Lakin mövcud geosiyasi şəraitdə neytrallıq artıq iqtisadi sanksiyalardan kənarda qalmaq anlamına gəlmir. Bu baxımdan, İsveçrənin addımı digər neytral dövlətlər üçün presedent formalaşdıra bilər.Beynəlxalq hüquqa əsaslanan mövqenin kollektiv şəkildə müdafiəsinin gücləndiyini göstərir.Bu qərarın təsiri yalnız enerji ticarəti ilə məhdudlaşmır. Bu, siyasi həmrəylik, maliyyə nəzarəti və geoiqtisadi təzyiq alətlərinin daha da sistemli tətbiqinə keçidin göstəricisidir. Orta və uzunmüddətli perspektivdə isə belə addımlar Rusiyanın enerji gəlirlərinin diversifikasiyasını çətinləşdirə və qlobal enerji bazarlarında struktur dəyişikliklərini sürətləndirə bilər”.

 

 

Nuray Əliyeva

#sanksiya #sərtləşdirib #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər