İsveçrədə xizək kurortunda Yeni il faciəsi: onlarla ölən, yüzlərlə yaralı
İsveçrənin cənub-qərbində yerləşən Crans-Montana xizək kurortunda Yeni il gecəsi baş verən yanğın nəticəsində onlarla insanın həlak olduğu, 100-dən çox şəxsin isə yaralandığı ehtimal edilir. Yanğın 1 yanvar saat 01:30-da “Le Constellation” adlı barda baş verib. Rəsmilər hadisənin qəsd olmadığını, adi yanğın kimi araşdırıldığını bildiriblər.
Polisin məlumatına görə, ölənlərin sayı dəqiq deyil, lakin təxminən 40 nəfərin həyatını itirdiyi düşünülür. Yaralıların əksəriyyəti ağır yanıq xəsarətləri alıb və İsveçrə xəstəxanalarına yerləşdirilib, bəziləri isə İtaliyaya köçürülüb. Yaralıların bir qisminin 16–26 yaş aralığında olduğu bildirilib. Qurbanların kimliyinin müəyyənləşdirilməsi çətin olduğundan bu prosesin həftələrlə çəkə biləcəyi qeyd olunur.
Hadisədə bir neçə ölkənin vətəndaşlarının zərər çəkdiyi ehtimal edilir. İtaliya 16 vətəndaşının itkin düşdüyünü, Fransa isə yaralananlar arasında öz vətəndaşlarının olduğunu açıqlayıb. Fransa Prezidenti İsveçrəyə dəstək ifadə edib, Böyük Britaniya isə vəziyyəti izlədiyini bildirib.
Yanğının səbəbi hələlik məlum deyil. İlkin ehtimala görə, tavana yaxın tutulan ad günü şamının taxta konstruksiyanı alovlandırması yanğına səbəb ola bilər. Barın çıxış yollarının dar olması təxliyəni çətinləşdirib.
“Le Constellation” uzun illərdir fəaliyyət göstərən, eyni vaxtda təxminən 300 nəfər qəbul edə bilən bar olub. Yeni il və Milad dövrü xizək kurortları üçün ən sıx mövsüm olduğundan, barın dolu olduğu ehtimal edilir.
BBC
Reyhan Quliyeva
