İtə işgəncə verənlər axtarılır
Zabratda amansızcasına işgəncə görən itin vəziyyəti ilə maraqlanmışıq.
Qeyd edək ki, iddialara görə bir neçə şəxs itə hücum edərək onu öldürmək istəyiblər. Amma qarşısını alanlar olub. Heyvansevər Fərid Mansurov deyir ki, itə işgəncə verən şəxs əlindəki yaba ilə onun baş hissəsinə xəsarət yetirib. Onun sözlərinə görə, it son dərəcə pis vəziyyətdə olub: “Başında kəsici yara var idi. Həkimər təyin elədilər ki, bu amansız rəftar nəticəsində baş verib. İti əvvəlcə qəssabxanalarının birinin yanında vurublar baltayla. İt ölməyib, özündən gedib. Düşünüblər ki, ölüb, cəsədi yığışdırsınlar. Daha sonra it özünə gəlib. Başlayıb hərəkət etməyə. Və digər şəxs artıq iti öldürmək istəyib”.
Hadisə şahidi həmin vaxt itə işgəncə edən şəxslə münaqişə edib. Heyvanı təcili olaraq Baytarlıq Elmi-Tədqiqat institutunun nəzdində olan Baytarlıq klinikasına aparıb. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova deyir ki, itin gözü amputasiya edilib. Heyvanın başından kəsici alətlə vurulduğundan, sol gözü çölə çıxıb. Burnu, çənəsi də də sınıb. Aldığı xəsarət səbəbindən beyin sümüyü tam açıq vəziyyətdə olub. Buna görə də dərhal əməliyyat olunub: “Artıq bugündən başlayıb özü yeməyə. İlk gündən bu günə kimi əzilmiş yem şprislə qidalanırdı. Bütün prosedurlar - yəni sistemlər, ağrıkəsicilər və bərpaedici terapiya həyata keçirilib. Növbəti əməliyyatlar da icra olunmalıdır”.
Heyvan hələ uzun müddət həkimlərin nəzarəti altında olacaq. Daha sonra sığınacaqlardan birinə təhvil veriləcək. İtə işgəncə verənlərin kimliyinə gəldikdə isə, bu, hələ müəyyən edilməyib. Heyvansevərlər hüquq-mühafizə orqanlarının günahkar və ya günahkarları üzə çıxaracağına ümid edir.
Aidə
