İtaliya parlamenti Rusiyaya qarşı sanksiyaların mərhələli ləğvinə dəstək verib
İtaliya parlamenti Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə yumşaldılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib.
Qətnamə iyunun 18-19-da keçiriləcək Avropa İttifaqı sammiti ərəfəsində Baş nazir Giorgia Meloninin parlamentdəki çıxışından sonra səsverməyə çıxarılıb.
Sənəddə İtaliyanın gündəmdəki əsas məsələlər, o cümlədən Ukrayna böhranı ilə bağlı mövqeyi bir daha təsdiqlənib. Hökumət Ukraynanın suverenliyi və müstəqilliyinə tam hörmət göstərilməklə, davamlı və uzunmüddətli sülhün əldə olunması istiqamətində bütün platformalarda fəaliyyət göstərmək öhdəliyini üzərinə götürüb.
Eyni zamanda, qətnamədə münaqişə başa çatdıqdan sonra sanksiyaların mərhələli şəkildə aradan qaldırılması ilə bağlı müddəa da yer alıb. Bu yanaşma danışıqlarda təsir vasitəsi kimi qiymətləndirilib.
Qətnamənin mətni hakim koalisiyanın üzvü olan və uzun müddətdir Ukraynaya dəstək siyasətindən müəyyən dərəcədə fərqlənməkdə ittiham edilən Liqa Partiyasının tələbi ilə daha yumşaq formada hazırlanıb.
Baş nazir Giorgia Meloni çıxışında Ukrayna böhranının həlli prosesində Avropanın rolunu qoruyub saxlaması üçün Moskva ilə dialoqun vacibliyini vurğulayıb. O, həmçinin Avropa İttifaqı adından vahid danışıqlar aparacaq nümayəndənin təyin edilməsinin zəruriliyini qeyd edib, lakin konkret namizədin adını açıqlamayıb.
TASS
Nuray Əliyeva