00:00:00
Yazar
Admin User
18.09.2023 16:57 268 3 dəq oxuma
Sosial

İtkinlərlə bağlı beynəlxalq konfrans keçirilib

İtkinlərlə bağlı beynəlxalq konfrans keçirilib

''Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Bu məlumatlar “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilib. Həmçinin Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçunun itkin düşdüyü də bildirilib. Vurğulanıb ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsinin döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilib. 


“Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır''. Bu sözləri Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyev deyib. O, hərbi təcavüz nəticəsində ölkəmizin xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli məhrumiyyətlərə məruz qaldığını vurğulayıb. 



Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcəyinə ümid etdiyini bildirib: “Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi. Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi Yerevanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.


Konfrans ərəfəsində 9 hərbçi, 1 mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirildiyini deyən xidmət rəisi onların arasında  Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun da olduğunu bildirib: “O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışmış, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”.


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi çıxışında Prezident İlham Əliyevin tapşırığı və ayrılmış vəsait hesabına yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin tərkibində genetik laboratoriyanın fəaliyyətinə də toxunub. Şəxsiyyəti müəyyən edilən 25 nəfərdən 13-nün bu genetik laboratoriyada eyniləşdirildiyini diqqətə çatdırıb.


Əli Nağıyev əlavə edib ki, hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar: “Onda sual doğur, necə olub ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən Dağlıq Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşayıb, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olublar. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər. Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlalar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür”.


Konfrans sonra panel müzakirələr və çıxışlarla davam edib.

 

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər