IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, yeni qlobal çağırışlar, ilk növbədə, təhlükəsizliklə bağlıdır:
“Ölkələrin daxilində təkcə terrorçuluğun silahlı və partlayıcı formaları deyil, hazırda rəqəmsal təhlükələr də mövcuddur və onlar daha ciddi risklər yaradır”.
Politoloq qeyd edib ki, bu baxımdan əsas çağırışlardan biri bu təhdidlərə qarşı birgə təhlükəsizlik arxitekturasının qurulmasıdır:
“Düşünürəm ki, digər təhlükəsizlik forumlarından fərqli olaraq, bu platformanın əsas xüsusiyyətlərindən biri Azərbaycanın Şərqdən Qərbə uzanan kommunikasiya yollarının üzərində yerləşməsidir”.
Əziz Əlibəyli qeyd edib ki, burada qəbul olunan qərarlar birgə müdafiə mexanizmlərinin formalaşdırılmasına, eləcə də Şərq və Qərbin vahid platformada ortaq qərarlar qəbul etməsinə imkan yarada bilər:
“Şübhəsiz ki, təhlükəsizlik çağırışları müəyyən risklər yaradır. Bizim bölgəmiz üçün əsas risklər sırasında terrorçu qruplar, ekstremistlər, dini-radikal təşkilatlar və kiberməkanda cinayətkarlıq meyilləri yer alır. Bunların hər biri yüksək risk mənbəyi kimi qiymətləndirilir”.
Səadət Əlizadə