00:00:00
Yazar
Lalə Qafarova
17.08.2026 23:07 13 2 dəq oxuma
Sosial

İxtisas seçimi davam edir - Abituriyentlər hansı məqamlara diqqət etməlidirlər?

İxtisas seçimi davam edir - Abituriyentlər hansı məqamlara diqqət etməlidirlər?

Universitet seçimi abituriyentlər üçün təkcə bal uyğunlaşdırılması deyil, həm də gələcək karyeranın planlaşdırılmasıdır. Bəs ixtisası müəyyənləşdirərkən nələrə diqqət etmək lazımdır? Sualın cavabı AzTV Xəbərin reportajında...

 

TİTR: LALƏ QAFAROVA - MÜXBİR

STAND-UP: “Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzinin son məlumatına əsasən, 60- minə yaxın abituriyent elektron ərizəsini təsdiq edib”. 

 

TİTR: FİDAN MUSTAFAZADƏ - ABİTURİYENT

“Birinci qrup Kimya üzrə imtahan vermişəm. Ümumi balım 530 baldır. Universitet seçimi üçün ADNSU abituriyent mərkəzinə yaxınlaşdım. Və burdakıların dəstəyi sayəsində öz universitetimi seçəcəm”. 

 

TİTR: LEYLA ƏHMƏDLİ - ABİTURİYENT

“310.7 bal yığmışam, ikinci qrupam. İqtisadiyyat, maliyyə və logistika ixtisaslarını seçmək istəyirəm. ADNSU və UNEC universitetlərinə girmək istəyirəm”. 

 

TİTR: RƏNA CƏBRAYILOVA – MÜTƏXƏSSİS 

“İxtisas seçimləri başlayandan bu günə qədər 200-dən çox abituriyent Məsləhət Mərkəzinə yaxınlaşıb. Həm ixtisas seçimləri barədə məlumatlar alıblar. Valideynləri ilə birlikdə qərar verməkdə çətinlik çəkiblərsə, bununla bağlı məlumatlar alıblar. 5 qrup üzrə müraciətlər olur. Ən çox isə əmək bazarında hansı ixtisaslar çoxluq təşkil edirsə, gündəmdə olan ixtisaslar hansılardırsa, onunla bağlı müraciətlərimiz çox olur”. 

 

Mütəxəssislər seçim zamanı plan yerləri və əvvəlki nəticələrin də nəzərə alınmasını tövsiyə edir. 

 

TİTR: ELMİN NURİ - TƏHSİL ÜZRƏ EKSPERT 

“İxtisas qrupları üzrə buraxılan bülletenlər, statiskalar. Birinci mütləq baxmaq lazımdır. Abituriyent seçim zamanı əvvəlcə açır, tutalım, üçüncü ixtisas qrupunun DT alt qrupu üzrə bu il üçün ayrılan ümumi plan yerlərini, dövlət sifarişli və ödənişliliyi müqayisə aparır. Və ikinci məsələ, özünün bal intervalı. Məsələn, 345 balı varsa, o deməkdir 340 deyil, 350 bal intervalına aiddir. Həmin bal intervalında nəticə göstərənlərin ümumi sayını, ümumi ayrılan plan yerləri ilə müqayisə etməlidir”. 

 

Seçimdə yalnız keçid balı deyil, abituriyentlərin şəxsi maraqları da əsas götürülməlidir.

 

TİTR: XANLAR XANLARZADƏ - DİM-İN MƏTBUATLA İŞ SEKTORUNUN MÜDİRİ

“Abituriyentlər prosesi özləri rahat şəkildə həyata keçirə bilərlər. Dediyimiz kimi abituriyent dörd və fərqli seçim zamanına nələrə diqqət yetirməli, vəsaitlərinə baxmaqla, bir yarım saat, 40 dəqiqə bir təhlil aparmaqla, bilmək olar ki, ümumi vəziyyət necə olacaqdır. Amma ən əsaslı abituriyentlər öz istədikləri, sevdikləri ixtisasları, peşələri elektron ərizələrinə yazmalıdırlar. Çünki bəzən görürsən ki, abituriyent qəbul olunur, sonra isə oxumaqdan imtina edir və ya da ruh düşkünlüyü yaşayır ki, mənim istədiyim ixtisas deyildi”. 

 

Xatırladaq ki, ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatır. Müsabiqədə yalnız ərizəsini müəyyən olunmuş vaxtadək təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

 

LALƏ QAFAROVA, VAHAB İMANZADƏ, AZTV XƏBƏR

#abituriyentlər #ixtisasseçimi #aztv #aztvxəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər