İxtisas seçimi zamanı abituriyent nələrə diqqət yetirməlidir?
Ali təhsil müəssisələrinə qəbul nəticələrinin açıqlanmasından sonra abituriyentlər üçün ən vacib mərhələlərdən biri ixtisas seçimidir. Düzgün seçim gələcək karyera və peşə həyatına birbaşa təsir göstərdiyi üçün bu prosesə məsuliyyətlə yanaşmaq vacibdir.
Mövzu ilə bağlı "İnformator.az" açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, ixtisas seçimi sadəcə balları kodlaşdırmaq deyil, gələcək həyat ssenarisini cızmaqdır:
"Abituriyent ilk növbədə şəxsi maraqları, bacarıqları və potensialı ilə seçmək istədiyi sahə arasında üst-üstə düşməyə baxmalıdır. Bununla yanaşı, universitetin maddi-texniki bazası, təcrübə imkanları, xarici dil tələbləri və müəssisənin əmək bazarı ilə əlaqələri diqqətlə araşdırılmalıdır. Şüurlu seçim edən abituriyent yalnız "haraya balım çatır" deyil, "mən bu sahədə uğurlu ola bilərəmmi" sualına cavab tapmalıdır.
İxtisas seçərkən balans qorunmalıdır, lakin tərəzidə maraq və bacarıqlar bir addım öndə dayanır. İnsan sevmədiyi, həvesinin olmadığı bir sahədə sırf əmək bazarında tələb var deyə uğurlu mütəxəssis ola bilməz. Əlbəttə, əmək bazarının trendlərini (məsələn, rəqəmsallaşma, süni intellekt, yaşıl energetika və s.) nəzərə almaq vacibdir. Amma ən doğru düstur budur: Abituriyentin bacarığı + Əmək bazarının ehtiyacı = Uğurlu karyera. Keçid balları abituriyentlər üçün tək meyar deyil, yalnız orientir (səmt) rolunu oynamalıdır. Ən böyük səhvlərdən biri ötən ilin keçid ballarını dəyişməz qayda kimi qəbul etməkdir. Keçid balı həmin il abituriyentlərin göstərdiyi nəticələrdən və yerlərin sayından asılı olaraq formalaşır. Yalnız bala görə seçim etmək gəncin istəmədiyi bir ixtisasa düşməsinə səbəb ola bilər. Seçim siyahısı tərtib olunarkən riskləri sığortalamaq üçün baldan bir qədər yuxarı, bala uyğun və riskı azaldan aşağı ballı ixtisaslar ardıcıllıqla yazılmalıdır.
Valideynlərin ixtisas seçiminə müdaxiləsi və diktə etməsi tamamilə yanlışdır, lakin bələdçilik və dəstək olmaq vacibdir. Valideyn öz reallaşdıra bilmədiyi arzularını övladının üzərində həyata keçirməyə çalışmamalıdır. Valideynin rolu təzyiq göstərmək deyil, abituriyentə soyuqqanlı yanaşmaqda, mütəxəssislərlə məsləhətləşməkdə və onun seçiminə hörmətlə yanaşıb psixoloji dəstək olmaqdadır. Unutmaq olmaz ki, həmin peşə ilə valideyn deyil, övlad yaşayacaq".
Əlavə olaraq abituriyent Nuray Bağırzadə bildirib ki, ixtisas seçərkən ilk növbədə maraq dairəmi və gələcəkdə hansı sahədə işləmək istədiyimi nəzərə alıram:
"Məncə, yalnız yüksək bal toplamaq kifayət etmir. Seçilən ixtisas həm insanın bacarıqlarına uyğun olmalı, həm də gələcəkdə iş imkanları təqdim etməlidir. Buna görə də qərar verməzdən əvvəl müxtəlif mütəxəssislərin məsləhətlərini və universitetlər haqqında məlumatları araşdırıram".
Səadət Əlizadə