00:00:00
Yazar
Ayan Sadi
10.08.2026 21:37 61 2 dəq oxuma
Gündəm

İxtisas seçimində ən böyük səhv: Ekspert abituriyentləri xəbərdar etdi

İxtisas seçimində ən böyük səhv: Ekspert abituriyentləri xəbərdar etdi

İxtisas seçimi abituriyentin həyatında mühüm qərarlardan biridir. Bəs abituriyentlər ixtisas seçimi zamanı əsasən hansı səhvlərə yol verirlər? Seçim zamanı yalnız keçid balı və universitetin adı nəzərə alınmalıdır, yoxsa əmək bazarının tələbləri ilə yanaşı şəxsi maraq və bacarıqlar da diqqətdə saxlanılmalıdır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, abituriyentlərin ixtisas seçimi zamanı ən çox yol verdiyi səhvlərdən biri qərarı yalnız keçid balına, universitetin adına və ya ixtisasın prestijinə əsasən verməkdir. Bəzi hallarda isə seçim həmin ixtisasın yüksək gəlir gətirməsi düşüncəsi ilə edilir.

 

“Düzgün ixtisas seçimi zamanı abituriyentin maraq dairəsi, bacarıqları, potensialı və həmin sahədə inkişaf etmək istəyi nəzərə alınmalıdır. Təbii ki, əmək bazarının tələbləri də burada mühüm amildir. Məncə, prestij və əmək bazarı arasında seçim etməkdənsə, bu iki amili şəxsi maraq və bacarıqlarla birlikdə qiymətləndirmək daha doğrudur”.

 

Ekspertin sözlərinə görə, yalnız prestijli hesab olunan ixtisasa üstünlük vermək gələcəkdə uğurlu karyera üçün kifayət etmir. Abituriyentin özünü həmin sahədə görməsi və peşə üzrə inkişaf etmək istəyi də əsas meyarlardan olmalıdır.

 

“Çünki bu gün prestijli görünən, lakin insanın özünü həmin sahədə görmədiyi bir ixtisas üzrə uzunmüddətli uğur qazanmaq çətin ola bilər”.

 

İxtisas seçimində valideynlərin mövqeyi də abituriyentin qərarına təsir edən əsas amillərdən biridir. Əmrah Həsənli hesab edir ki, valideynlər övladlarına seçim zamanı dəstək göstərməli, lakin onların yerinə qərar verməməlidirlər.

 

“Valideyn istiqamət göstərən tərəf olmalıdır, qərar verən yox. Valideyn öz təcrübəsinə əsaslanaraq övladına məsləhət verə, əmək bazarı, universitetlər və gələcək imkanlarla bağlı fikirlərini bölüşə bilər. Amma “mən istəyirəm ki, sən həkim, hüquqşünas və ya müəllim olasan” yanaşması doğru deyil. Çünki həmin ixtisası illərlə oxuyacaq və gələcəkdə o peşə ilə məşğul olacaq şəxs valideyn deyil, abituriyentin özüdür”.

 

Ekspert qeyd edib ki, ixtisas seçimi zamanı yalnız Azərbaycanın əmək bazarındakı mövcud vəziyyətə əsaslanmaq da düzgün yanaşma deyil. Onun fikrincə, dünyada baş verən texnoloji dəyişikliklər və yeni peşələrin meydana çıxması gələcək karyera perspektivlərinin də nəzərə alınmasını zəruri edir.

 

“Dünya çox sürətlə dəyişir, bəzi peşələr transformasiya olunur, yeni ixtisaslar və yeni istiqamətlər yaranır. Buna görə də seçim zamanı növbəti 5-10 il ərzində həmin sahənin inkişaf perspektivləri, yeni texnologiyaların təsiri və beynəlxalq əmək bazarındakı tendensiyalar da nəzərə alınmalıdır”.

 

Beləliklə, ixtisas seçimində əsas məqsəd yalnız yüksək keçid balı olan və ya prestijli hesab edilən sahəyə qəbul olmaq deyil. Abituriyentin öz maraq və bacarıqlarını, gələcək inkişaf imkanlarını, əmək bazarının tələblərini və seçdiyi peşənin perspektivlərini birlikdə qiymətləndirməsi daha doğru seçim etməsinə imkan verə bilər.

 

Süsən Mərdalıqızı

#abituriyentləri #xəbərdar #etdi #səhv: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər