00:00:00
Yazar
Zəri Bayramlı
02.10.2026 21:40 44 2 dəq oxuma
Media

“Jurnalist dəqiqliyi heç vaxt operativliyə qurban verməməlidir”- Xatirə Hüseynova

“Jurnalist dəqiqliyi heç vaxt operativliyə qurban verməməlidir”- Xatirə Hüseynova

Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Bu barədə Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun  iştirakçılarına müraciətində yer alıb.

 

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova “İnformator.az”a açıqlama verib.

 

Müasir dövrdə sosial şəbəkələrin xəbərin yayılma sürətini dəfələrlə artırdığını qeyd edən Xatirə Hüseynova bildirib ki, bu amil jurnalistin peşəkar məsuliyyətini və dəqiqlik öhdəliyini azaltmır:

 

“Bu gün bir məlumat saniyələr içində minlərlə insana çatır. Belə bir şəraitdə hər hansı media orqanının hamıdan əvvəl xəbər vermək istəyi başadüşüləndir. Amma jurnalist dəqiqliyi heç vaxt operativliyə qurban verməməlidir. Çünki yanlış məlumat yalnız redaksiyanın nüfuzuna xələl gətirmir, insanların qərarlarına, davranışlarına və bəzən həyatına təsir edir. Sonradan edilən düzəliş isə çox vaxt ilkin xəbər qədər geniş yayılmır və arzuolunan effekti vermir”.

 

Xatirə Hüseynovanın sözlərinə görə, operativliklə dəqiqlik arasındakı balansı saxlamaq üçün faktların yoxlanılması prosesinin daha çevik qurulmalı olduğunu bildirib:

 

 

“Jurnalist ilk növbədə məlumatın ilkin mənbəyini müəyyənləşdirməli, foto və videonun harada, nə vaxt çəkildiyini araşdırmalı, iddiaları mümkün qədər müstəqil mənbələrlə dəqiqləşdirməlidir. Bütün detallar hələ məlum olmadıqda, təsdiqlənmiş faktları təqdim etmək, dürüst mövqe nümayiş etdirmək auditoriyanın mediaya etimadını artıran başlıca amildir. Auditoriya hər şeyi dərhal bildiyini iddia edən mediaya deyil, nəyi bildiyini və nəyi hələ yoxladığını dürüst şəkildə söyləyən mediaya etimad göstərir”.

 

 

İnformasiya bolluğu şəraitində xəbərin çatdırılma formasına toxunan Xatirə Hüseynova vurğulayıb ki, etibarlı jurnalistika həm məzmunun doğruluğu, həm də həmin məzmunu insanlara düzgün çatdırmaq bacarığı ilə seçilməlidir:

 

 

“İnformasiya bolluğunda keyfiyyətli xəbər gec təqdim edilirsə, ağır dildə yazılırsa və auditoriyanın istifadə etdiyi platformalara uyğunlaşdırılmırsa, diqqətdən kənarda qala bilər.  Buna görə media yoxlanılmış məlumatı çevik, hədəf auditoriyasına uyğun formatda və asan anlaşılan dildə çatdırmalıdır. Etibarlı jurnalistika həm məzmunun doğruluğu, həm də həmin məzmunu insanlara çatdırmaq bacarığı ilə seçilməlidir. Eyni mövzunu qısa video, infoqrafika, sual-cavab və ya ətraflı təhlil formasında təqdim etmək mümkündür. Format seçimi auditoriyanın ehtiyacına uyğun olmalı, sadələşdirmə isə faktın mənasını dəyişməməlidir. Media mənbələri aydın göstərməli, faktla rəyi ayırmalı, bu və digər xəbərin insanların gündəlik həyatında nəyi ifadə etdiyini anlatmalıdır. Auditoriyanın suallarını dinləmək və yanlış məlumat yayılanda vaxtında aydınlıq gətirmək də bu işin bir hissəsidir. Etibarlı məlumatın gücü onun doğru olmasında, anlaşıqlı təqdim edilməsində və vaxtında insanlara çatmasındadır”.

 

Zəri Bayramlı

#Xatirə Hüseynova #BDU #media #jurnalistika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər