Jurnalistika fakültəsinin ən yüksək bal toplayan tələbəsi
İnformator.az saytı 2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanlarında 486.5 bal toplayaraq BDU Jurnalistika fakültəsi üzrə ən yüksək nəticəni əldə edən Qəribova Gülay ilə müsahibəni təqdim edir.
Gülay, bu gündən etibarən, sən Jurnalistika fakültəsinin tələbəsisən. Bu sahəyə olan həvəsin necə yarandı?
- Nə yalan deyim, bu fakültə mənim uşaqlıq xəyalım olmayıb. İxtisas seçimi ərəfəsində belə, yiyələndiyimiz peşənin həyatımızdakı mahiyyətini tam şəkildə dərk etmirdim. Qrupum üzrə topladığım bala əsasən, müxtəlif ixtisaslarda qəbul şansım çox idi. Amma həvəslə sadəcə Jurnalistikanı istədim. Qəbul xəbərimi alan zaman sevincdən yerə-göyə sığmırdım.
Bəs, gələcəkdə Jurnalistika üzrə çalışmağı düşünürsən?
- Əlbəttə. Amma, hansı sahəsi üzrə yiyələnəcəyim barədə dəqiq nəsə söyləyə bilmərəm. Mən Jurnalistikanın bütün sahələrini pillə-pillə addımlayaraq, hərtərəfli uğur və şans əldə etmək istəyirəm.
Abituriyent vaxtları, bu yolda addımlayarkən ən böyük dəstəkçin kim oldu?
- Təbii ki, ailəm. O qədər yaxınlarımız var ki, övladı yüksək bal topladığına görə, məcburi şəkildə ona hüququ yazmasın tələb edirdi. Amma mənim ailəm elə deyildi. Ailəmin tək istəyi cəmiyyət nə deyər deyə yox, cəmiyyətə faydam dəyəcək, sevəcəyim bir ixtisasa yiyələnməyim idi. Məndən oxumağı tələb etmirdilər, sadəcə gücün çatan qədər oxu deyirdilər. Mən bu gün əlimdən gələni etdim, bacardım...
Qəbul xəbərini alan zaman hansı hissləri keçirdin?
- Çox sevindim. Yerə-göyə sığmırdım. Bu gün universitetə gələnə qədər belə, bunu bir yuxu zənn edirdim.
Bu sahədə gələcək planların nədir?
- Jurnalistika nəzəriyyədən çox praktika tələb edir. Müxtəlif təşkilatlar, könüllülər və s. qoşularaq özümü təkmilləşdirəcəm.
HƏCƏR ƏMİRASLANLI
