Jurnalistlər üçün nitq texnikası: Aygül Qaradağlıdan tövsiyələr
"Həyəcan bilməməkdən, peşəkarlıq isə məşqdən yaranır" - Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı AzTV-nin Teleradio Akademiyasındakı bugünkü görüşünə bu fikirlərlə başladı.
Tanınmış aparıcının iştirakı ilə keçirilən təlimdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə nitq mədəniyyəti, aparıcılıq texnikası və düzgün danışıq qaydaları ətraflı şəkildə izah olundu. Görüş zamanı iştirakçılara nitqin əsas elementləri - məntiqi vurğu, intonasiya, jest və mimikanın rolu praktiki nümunələrlə təqdim edildi.
Aygül Qaradağlı xüsusilə vurğuladı ki, “yazıldığı kimi danışmaq olmaz” və düzgün tələffüz (orfoepiya) ayrıca mənimsənilməli olan xüsusi bacarıqdır. Nitqdə monotonluğun qarşısını almaq, mətnə uyğun emosional ton seçmək və tamaşaçı ilə düzgün ünsiyyət qurmaq peşəkarlığın əsas şərtləri kimi qeyd olundu.
Təlimin ən maraqlı hissələrindən biri nitq texnikasına həsr edildi. İştirakçılara diafraqma ilə nəfəs alma üsulları, nəfəsin idarə olunması və mürəkkəb cümlələrin düzgün oxunması üçün xüsusi tapşırıqlar nümayiş etdirildi. Bununla yanaşı, çənə, dil və dodaq üçün artikulyasiya məşqləri, həmçinin yanıltmaclar vasitəsilə diksiyanın inkişaf etdirilməsi tövsiyə olundu.
Tələbələrə gündəlik olaraq ən azı 10-15 dəqiqə ucadan mətn oxumağı və qarşılarına çıxan hər bir yeni sözün mənasını araşdırmağı məsləhət görən aparıcı vacib bir məqama toxundu:
“Mətn əzbərlənməməli, mənimsənilməlidir. Yalnız bu halda kamera qarşısında fikir axınını qoruyub saxlamaq mümkündür”.
Sonda o, gənc jurnalistlərə öz tövsiyələrini bu mesajla yekunlaşdırdı:
“Öz sənətinizin fanatı olun. Unutmayın ki, hər bir zirvənin arxasında böyük zəhmət dayanır”.
Elsa Abdullayeva