00:00:00
Yazar
Ayan Sadi
19.08.2026 23:54 14 2 dəq oxuma
İdman

Kənan Həsənov: “Sabah” üçün əsas məqsəd ilk oyunda uduzmamaq olmalıdır

Kənan Həsənov: “Sabah” üçün əsas məqsəd ilk oyunda uduzmamaq olmalıdır

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Be'er Şeva” ilə qarşılaşacaq.

 

Mövzu ilə bağlı “Report” İnformasiya Agentliyinin idman şöbəsinin rəhbəri Kənan Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, “Sabah” üçün səfər oyununda əsas məqsəd münasib nəticə əldə etmək və mümkün qədər məğlubiyyətdən qaçmaq olmalıdır:

 

“İlk növbədə ilk oyundan münasib nəticə ilə Bakıya qayıtmaq əsas şərtdir. Hətta minimal hesablı məğlubiyyət belə “Sabah”ın xeyrinə qiymətləndirilə bilər. Çünki komanda cavab matçını doğma meydanda və öz azarkeşləri önündə keçirəcək. Bu isə əlavə üstünlük və motivasiya deməkdir.

 

“Hapoel Be'er Şeva”nın təhlükəli tərəfləri kifayət qədər çoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, İsrail təmsilçisi “Sabah”dan daha təcrübəli komandadır və avrokuboklarda kifayət qədər təcrübəyə malikdir. Həmçinin intizamlı müdafiəsi ilə seçilir, sıx müdafiə olunur və sürətli hücumlara çıxmağı bacarır. Xüsusilə standart vəziyyətlərdə təhlükəli komandadır. “Sabah” bunlara diqqət yetirməlidir.

 

Oyunun neytral meydanda keçirilməsi müəyyən mənada “Sabah”ın xeyrinə ola bilər. Məlum hadisələrə görə İsrail komandaları ev oyunlarını doğma meydanlarında keçirmək imkanına malik deyillər. Lakin bunun oyunun gedişinə ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki “Sabah” yenə də şərti olaraq səfər oyunu keçirəcək və “Hapoel Be'er Şeva” qarşılaşmanın baş tutacağı arenaya daha çox uyğunlaşıb.

 

Əlbəttə, “Sabah”ın qələbə ilə qayıtması ən uğurlu nəticə olardı. Bu halda komandanın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək şansı daha da artacaq. Amma əsas məqsəd uduzmamaqdır. Komanda məğlub olacağı təqdirdə belə, minimal hesablı məğlubiyyət cavab matçı öncəsi qənaətbəxş nəticə sayıla bilər. Çünki belə hesabı doğma meydanda kompensasiya etmək mümkündür.

 

Şanslara gəlincə, “Hapoel Be'er Şeva” daha təcrübəli komandadır və avrokubok təcrübəsi baxımından “Sabah”ı qabaqlayır. Bu səbəbdən İsrail klubunun qələbəsi daha ehtimal olunan variant kimi görünür. Bununla belə, komandamıza inanmaq lazımdır. “Sabah” ilk dəfə qatıldığı Çempionlar Liqasında kifayət qədər inamlı və intizamlı futbol nümayiş etdirir, hətta neytral azarkeşlərin də rəğbətini qazanıb.

 

“Sabah”ın Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməsi özü böyük uğurdur. Komanda bu mərhələdə mübarizəni dayandırsa belə, bunu uğursuzluq kimi qiymətləndirmək olmaz. Çünki “Sabah” artıq tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib. “Hapoel Be'er Şeva”ya məğlubiyyət halında da komanda UEFA Avropa Liqasının liqa mərhələsində mübarizəni davam etdirəcək. Bu isə klub və Azərbaycan futbolu adına çox böyük nəticədir.

 

Kənan Həsənovun fikrincə, “Sabah” üçün qarşılaşmanın nəticəsindən daha vacib məqam cavab matçına real şanslarla qayıtmaqdır.

 

Süsən Mərdalıqızı

#əsas #həsənov: #məqsəd #olmalıdır #uduzmamaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər