Kənd məktəbləri ilə bağlı YENİ QƏRAR – Nələr dəyişəcək?
Kənd məktəblərində şagird sayının azlığı təhsil sistemində yeni yanaşmaları gündəmə gətirib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, burada əsas məqsəd həm resurslardan səmərəli istifadə etmək, həm də şagirdlərə daha keyfiyyətli təhsil verməkdir. Bu çərçivədə bəzi şagirdlərin mərkəzi məktəblərə daşınması, müəyyən yerlərdə isə distant tədrisin tətbiqi nəzərdə tutulur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti İlqar Orucov qeyd edib ki, azşagirdli məktəblərin optimallaşdırılması yalnız iqtisadi və ya idarəetmə deyil, həm də mühüm sosial-strateji məsələdir:
“Məktəb təkcə təhsil ocağı deyil, xüsusilə kənd və ucqar ərazilərdə sosial həyatın əsas dayaqlarından biridir. Ona görə də bu prosesə yalnız rəqəmlər prizmasından deyil, regionların gələcəyi baxımından yanaşmaq vacibdir”.
Ekspertin fikrincə, optimallaşdırmanın müəyyən müsbət tərəfləri olsa da, risklər də gözardı edilməməlidir:
“Azşagirdli məktəblərdə həm maddi-texniki bazanın qorunması, həm də müəllim heyətinin tam formalaşdırılması ciddi çətinlik yaradır. Bir çox hallarda bir müəllim bir neçə fənni tədris etməyə məcbur olur ki, bu da keyfiyyətə birbaşa mənfi təsir göstərir. Şagirdlərin daha böyük və tam təmin olunmuş məktəblərə yönləndirilməsi onların laboratoriya, kitabxana və rəqəmsal imkanlardan yararlanmasına şərait yarada bilər”.
İlqar Orucov potensial risklərə də toxunaraq bildirib ki, məktəbin bağlanması kəndlərin demoqrafik boşalmasına və ailələrin həmin ərazidən köç etməsinə səbəb ola bilər:
“Ucqar ərazilərdə şagirdlərin uzaq məsafəyə daşınması logistika və davamiyyət problemləri yaradır. Xüsusilə qış aylarında çətin relyefli bölgələrdə bu məsələ daha həssas xarakter daşıyır. Valideynlərin əsas narahatlığı da məhz təhlükəsizliklə bağlıdır”.
Beynəlxalq təcrübəyə diqqət çəkən ekspert Skandinaviya və Avropa ölkələrindən nümunə gətirib:
“Məsələn, Skandinaviya ölkələrində azşagirdli məktəblər tam bağlanmır; əvəzində rəqəmsal təhsil, birləşdirilmiş siniflər və dövlət tərəfindən təmin edilən təhlükəsiz nəqliyyat modelləri tətbiq olunur. Bu da göstərir ki, optimallaşdırma yalnız məktəbi bağlamaq demək deyil. Əsas meyar qənaət deyil, təhsilin keyfiyyəti və şagirdlərin maraqları olmalıdır”.
Reyhan Qulizadə