00:00:00
Yazar
Admin User
28.10.2023 14:34 399 2 dəq oxuma
Sosial

Köçkün olmayan şəxslər də Qarabağda məskunlaşa bilərlərmi?

Köçkün olmayan şəxslər də Qarabağda məskunlaşa bilərlərmi?

“İşğaldan azad olunan ərazilərə qayıdış Azərbaycan Respublikasının 5 Milli Prioritetindən biri, daha doğrusu, 4-cü prioritet olaraq müəyyənləşib. Zəfərimizin nəticələrinin davamlılığı üçün keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, həmçinin həmin ərazilərin ölkənin iqtisadi potensialına reinteqrasiyası vacib şərtdir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Millət vəkili deyir ki, ermənilər çoxsaylı sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri çərçivəsində Azərbaycanın 30 il ərzində işğalda qalan ərazilərini dünyanın mina ilə ən çox çirklənən bölgələrindən birinə çeviriblər.

 

“Ona görə də bu gün qayıdış, quruculuq və bərpa prosesi təhlükəsiz qayıdışda ehtiva olunmalıdır. Azərbaycan Respublikası öz gücü, öz hesabına vətəndaşlarının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli formada qayıdışını paralel həyata keçirməkdədir”.

 

Deputat qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycanda olan hər kəs özünə sərbəst şəkildə yaşayış yeri seçə bilər.

 

“Eyni zamanda da Azərbaycan Respublikasının vətəndaşları məhz bu çərçivədə ölkənin istənilən, qanunla xüsusi məhdudlaşdırma tətbiq edilməyən yerində yaşayış yeri seçə, məskunlaşa bilər. O cümlədən də, Qarabağ və Şərqi Zəngəzurda da. Lakin, indiki məqamda Azərbaycan dövlətinin əsas prioriteti məhz həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın bura qayıdışını təmin etməkdir”.

 

Bəhruz Məhərrəmov düşünür ki, digər bölgələrdən olan vətəndaşlarımız da Qarabağda məskunlaşa bilərlər.

 

“Həmin ərazilərdə məskunlaşma təmin olunduqdan, həmçinin Qarabağ və Şərqi Zəngəzur mina terrorundan azad edildikdən sonra digər bölgələrdən olan vətəndaşlarımız da öz hesablarına və dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində həmin ərazilərdə məskunlaşa, yaşaya, işləyə bilərlər. Lakin indiki məqamda bizim əsas hədəfimiz keçmiş məcburi köçkünlərin ləyaqətli, təhlükəsiz və dayanıqlı olaraq Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmasıdır”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər