Körpülərin altı parklanma üçün istifadə oluna bilər
“Bakıdakı parkinqlər hazırki tələbatı qarşılamır. Əlavə yerlərin ayrılması isə o qədər də asan deyil, çünki boş zonalar demək olar ki, yoxdur. Bu problemi qismən də olsa aradan qaldırmaq üçün körpülərin altı, yəni hərəkətə problem yaratmayan yerlər də parklanma üçün istifadə edilə bilər”.
Bu fikirləri Hüquqşünans və nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında deyib. Bəs bu məsələyə əngəl yaradan səbəb nədir?
Ekspert deyir ki, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişdiyi nöqtədə, körpünün altı hazırda parklanma üçün istifadə olunur.
"Burada hər bir nəqliyyat vasitəsi üçün xüsusi yerlər ayrılıb, o da xəttlərlə işarələnib. İçəri təhlükəsiz formada avtomobillər daxil olur və onlar üçün ayrılmış həmin yerlərdə saxlayırlar. Parkinqin girişinə şlaqbaun qoyulub, bir nəfər də əraziyə nəzarət edir. İstifadəçilərin sayı isə kifayət qədərdir".
Paytaxt sakinləri isə deyir ki, burada park etmək məqsədəuyğundur.
"Çünki yolun qırağındakı maşınlar yığılıb hamısı körpülərin altında saxlasa, həm dayanma-durma qaydalarını pozan sürücülər olmaz, həm də nəqliyyatın hərəkəti normal olar, sıxlıq yaranmaz".
Bəli, hazırda qüvvədə olan yol hərəkəti haqqında qanunun 52-ci maddəsinə görə körpülərin altında dayanmaq-durmaq olmaz. Deməli, sözügedən ərazidə avtomobillər üçün parklanma yerləri də təşkil edilə bilməz. Amma ekspert Ərşad Hüseynov bunu düzgün hesab etmir:
“Körpünün altında elə yer var ki, ora yol qovşağıdır. Məsələn, 20 yanvardakı kimi. Orada onsuz da yolun hərəkət hissəsində heç yerdə dayanmaq mümkün deyil. Amma bir də körpünün altı var ki, baxırsan böyük bir boşluqdur, hərəkət hissəsi deyil, hərəkət hissəsindən kənardadı və orada bir neçə yüz kvadrat metrlik böyük bir ərazi boşluqdur. Həmin boşluqlarda parklanma yerləri təşkil etmək olar. Avtomobil duracaqları yaratmaq olar əməlli başlı. Düşünürəm ki, bunu nəzərə alıb yol hərəkəti haqqında qanunun həmin o müddəasına dəyişikliklər etmək olar".
Qeyd edək ki, hazırda Avropanın iri şəhərlərində körpülərin altı parkinq kimi istifadə olunur və indiyədək hər hansı mənfi məqamlar da qeydə alınmayıb.
Rüfət Nəbiyev
