00:00:00
Yazar
Admin User
18.11.2025 10:31 152 3 dəq oxuma
Sosial

Küçə heyvanlarının görünməyən həyatı

Küçə heyvanlarının görünməyən həyatı

Şəhərin gurultusu altında, gecələr sükut çökəndə belə həyatda qalmaq üçün mübarizə aparan minlərlə küçə heyvanı var. Onlar bizimlə eyni küçələri paylaşır, eyni havanı nəfəs alır, amma çox vaxt sanki mövcud deyillər. İnsanların arasında addımlasalar da, əslində görünməz bir həyat yaşayırlar - ac, yorğun, qorxmuş və bir tikə yemək, bir toxunuş üçün gözləyirlər.

 

 

Mövzu ilə əlaqədar “İnformator.az” xəbər saytı baytar və könüllülərin məsələyə olan fikirlərini öyrənib

 

Sosial şəbəkələrdə daim könüllü paylaşımları ilə diqqəti çəkən Sevil Qasımova bildirib ki, mən özümü tanıdığımdan bəri küçə heyvanlarını bəsləyirəm:

 

“Son bir il ərzində isə bunu sosial şəbəkələrdə paylaşmağa başlamışam. Paylaşımlarımın əksəriyyəti heyvanları qidalandırdığım anlarda çəkilən real görüntülərdir. Lakin bu proses göründüyü qədər sadə deyil, əksinə, çoxsaylı çətinliklərlə müşayiət olunur. Bəzi insanların mənfi, agressiv yanaşmaları ciddi problemlər yaradır. Bəzən səbəbsiz yerə irad bildirən, aqressiv davranan şəxslərlə qarşılaşıram. Buna baxmayaraq, işimi davam etdirməyə məni ruhlandıran bir çox yaxşı insanlar da var - təşəkkür edənlər, dəstək olanlar, hətta maddi yardım göstərənlər. Unutmaq olmaz ki, heyvanlar da insanlar kimi canlıdır. Sadəcə bizdən fərqli olaraq onlar özlərini qida ilə təmin edə bilmirlər. Küçə heyvanlarının həyatda qalması bizim mərhəmətimizdən, diqqətimizdən asılıdır. Onlara kömək etmək isə yalnız yaxşılıq deyil, həm də cəmiyyət olaraq borcumuzdur”.

 

 

Baytar həkimi Cansu Məmmədova isə bildirib ki, təəssüf ki, küçədə yaşayan it və pişiklər maşınların insanların səs-küyündən, insanların davranış tərzindən müxtəlif yerlərə sığınırlar:

 

“Bəzən itlər o qədər qorxurlar ki, stresslə bağlı uşaqlara belə hücum edə bilirlər. Bu insanların onlara yaşatdığı psixoloji sarsıntıdan irəli gəlir. Lakin baytar həkimləri bəzən müxtəlif tədbirlərlə çöl heyvanlarını qısırlaşdırır. Bu qısırlaşdırma həm çöldəki lazımsız dərəcədə çoxalmanın qarşısını alır həm də heyvanlar arasında cinsi yollarla keçən xəstəliklər, xərçəng xəstəliyinin yaranmasına mane olur. Quduzluq xəstəliyidə sterilizasiya nəticəsində minimuma enir”.

 

Daim küçədə gördüyü pişiklərə sevgisini göstərən Ədilə Hüseynzadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, imkan daxilində yeməklə təmin edirəm:

 

“Daha çox pişiklərlə qarşılaşıram və onlara qarşı xüsusi bağlılığım var. Təəssüf ki, şəhərimizdə insanların bu mövzuya kifayət qədər həssas yanaşmadığını düşünürəm. Hər kəs yaşadığı ərazidə heyvanlara yemək və su qoysa, onlara qayğı göstərsə, şəhərdə vəziyyət xeyli yaxşılaşar. Heyvanlara qarşı münasibət ailədə formalaşır. Valideynlərin övladlarına sevgi və mərhəməti öyrətməsi, gündəlik nümunələrlə göstərməsi sosial məsuliyyətin inkişafına təsir edir. Mənim heyvan sevgim də atamdan gəlib - o hər zaman heyvanları bəsləyir və onlara sevgi göstərir. Bu isə mənim üçün empatiyanın və mərhəmətin əvəzsiz nümunəsidir”.

 

 Uzun illərdir evində pişik saxlayan və heyvanlara qarşı xüsusi həssaslığı ilə tanınan Fatimə Şahverdiyeva bildirib ki, heyvanlara qarşı sevgim sonsuzdur, xüsusilə də küçə heyvanlarına:

 

“Evdə iki pişik saxlayıram və ümumiyyətlə heyvanlara qarşı olan sevgimin həddi yoxdur. Onlara qarşı çox həssasam və hansısa heyvana haqsızlıq olmasını götürə bilmirəm. Əksər hallarda yanımda yemək gəzdirirəm. Olmayanda da marketdən və ya “pet shop”lardan alıram. Küçə heyvanları acımasız və çətin şəraitdə yaşayırlar, buna görə də onlara qarşı həssaslığım və sevgim ev heyvanlarına nisbətən daha çoxdur. Çarəsiz heyvanları görəndə çox pis oluram. Əgər acdırsa, yemək verirəm, pis haldadısa baytara götürürəm.onlar bizim kimi deyillər - ac olanda bunu sözlə deyə bilmirlər. Biz onlara kömək etməsək, onlara daha çətin olur. Bizi digər canlılardan fərqləndirən insani keyfiyyətlərimiz var ki, ən vaciblərdən biri də mərhəmətdir. Küçə heyvanlarına qarşı vicdanlı olmalıyıq. Sevgi, yemək, su - bacardığımızı etməliyik. Əgər bunları edəcək qədər mərhəmətimiz yoxdursa, deməli biz yaxşı insan deyilik. Amma bunları etməyib, əlavə olaraq onlara əziyyət veririksə, deməli biz onda heç insan da deyilik. Yanımızda, əsasən də qış aylarında yem gəzdirib qabağımıza çıxan heyvanlar arasında bölüşdürə bilərik. Bəzi insanlar pişikləri, itləri uzaqdan sevirlər. Yaxınlaşmağa, qayğı göstərməyə qorxurlar. Onlar da uzaqdan yemək verə bilərlər. Uşaqlarımıza da mərhəmətli olmağı aşılamalıyıq. Mərhəmət, sevgi, vicdan, qayğı kimi keyfiyyətlər ailədən başlayır”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər