Küçədən keçənə deyirlər ki, gəl veriliş apar, peşəkar aparıcılarımızı isə şam kimi üfürüb söndürürlər
“Həyatda insanlar bir-birini əvəz edə bilmədiyi kimi, ictimai həyatımızda da hansısa televiziya kanalı, digər bir kanalı əvəz edə bilməz. Hər kəsin öz siması olduğu kimi, kanallarında özünəməxsus bir siması var”.
Bu sözləri İnformator.az-a açıqlamasında yazıçı Seyran Səxavət söyləyib. Yazıçı deyir ki, ANS ilk televiziya kanalı kimi yaddaşlara həkk olunub.
“Xəbərlərin təqdim olunması cəhətdən ARB 24 kanalı mənim çox xoşuma gəlir. Xüsusilə, qeyd edim ki, o kanalda Şəhla adlı bir xanım var idi. Sanki, od parçası idi, amma onu indi efirdən kənarlaşdırıblar. Bizim kanallarda təəssüf ki, belə bir tendensiya var ki, kimsə parlayan kimi onu kənarlaşdırmağa çalışırlar. Space kanalında Zamirə ilə “Açıq söhbət” layihəsi var idi. Space tv-yə Vado Korovin rəhbər təyin edilən kimi, verilişi bağlatdırdı. Bunların elə bil qəfildən başlarına hava gəlir. Tək Zamirə, Şəhla yox, biz də dəfələrlə elə aparıcılar olub ki, onların ulduzları parlayan kimi, söndürüblər onları”.
Yazıçı açıqlamasında Azərbaycan televiziya məkanını bəyənmədiyini qeyd edib.
“Şəxsən baxdığım təkcə, xəbərlər və futboldur. Azərbaycan televiziya məkanı, Azərbaycan dilinin anasını ağladıb. Televiziyada 95% verilişlər Azərbaycan dilində deyil. Azərbaycan televiziya məkanının ən böyük günahı, Azərbaycan dilini məhv etməsidir. Bizim dilimizi reanimasiya vəziyyətinə salıblar. Biz, bəzən odunu qoyub, külü ilə oynayırıq. Televiziya məkanında olanlar Azərbaycan dilinin həssaslığını dərk etmirlər”.
Seyran Səxavət deyir ki, Konstitusiyada ən xoşladığım maddə; “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir - maddəsidir.
“Televiziya məkanları bu cür “fəşanlıq” etməyə davam etsələr, gərək biz Milli Məclisdə yığışıb, dediyim maddəni silib, əvəzinə yazaq ki, Azərbaycan respublikasının dövlət dili Azərbaycan televiziya məkanının dilidir. Dilimiz məhz olub gedir. Kimsə öz səsi ilə haqqını dünyaya bəyan edəndə, biz durub əl-qolla danışacağıq. Küçədən keçənə deyirlər ki, gəl veriliş apar. Peşəkar, intellektual aparıcılarımızı isə şam kimi üfürüb söndürürlər”.
Yazıçı əlavə edib ki, o, dil məsələsi ilə əlaqədar, “cümlə qurmaq, dövlət qurmaq qədər çətindir” adlı bir məruzə oxuyub.
“Bu yazımı eyni zamanda, Mətbuat Şurasında, Yazıçılar Birliyində, Nəsimi adına Dilçilik İnstitunda belə səsləndirdim. Dedim ki, dövlət buna müdaxilə etməsə, dilimiz məhv olacaq. Mən istədim ki, Dilçilik İnstitutu bir məktub yazsın, bunu yuxarılara göndərək. Mənə söz verdilər, amma 1 ildən də çox keçib, aldadırlar. Məktub yazmaq çətin şeydir ki? Yəqin düşünürlər ki, dilimizin saflığını qorumaq bizim vəzifəmiz deyil”.
S.Səxavət deyir ki, bu yaxınlarda Dilimizlə əlaqədar forumda çıxış elədim.
“Dedim ki, dilimiz batır. Mənim bu barədə yazımı, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti belə yayımladı. Mən isə ərkim keçənlərə də xahiş elədim ki, siz də qoşulun, dilimizi müdafiə edək. Baxmayaraq ki, onlar mənim dostlarımdır, hər birini çox istəyirəm. Amma Azərbaycan dilinin xətrini hamsından çox istəyirəm. Gənclik dostum, xalq şairi Sabir Rüstəmxanlı, Millət vəkili, akademik Nizami Cəfərov, Millət vəkili Jalə Əliyeva və s. Gülə-gülə söz verdilər, amma indi vəziyyət gülməli yox, ağlamalıdır. Bu adamlar yazsa, başqaları da söhbətə qoşulardılar. Amma heç kim, heçnə etmədi”.
Yazıçı sevdiyi verilişlərdən söhbət açıb.
“Mədəniyyət kanalında “Güzgü proqramı”, “Nəcib söhbətlər” proqramlarını şəxsən sevə-sevə izləyirəm. Amma İctimai kanalda bir-birindən maraqlı verilişlər daha çoxdur. “Sabaha saxlamayaq”, “Sabahın xeyir, Azərbaycan”, “Milyonçu” verilişləri İTV-də fəaliyyətdədir. Ona görə də, o kanal mənim üçün 1 nömrədir. İctimai Tv intellektual olmasına görə digərlərindən fərqlənir”.
Müsahib sonda deyib ki, televiziya məkanları Ana dilimizi çürütməkdən zövq alırlar.
“Tv məkanı bu gedişlə fəaliyyətini dayandırmasa, Azərbaycan dili öz fəaliyyətini dayandıracaq, biz lal olacağıq”.
Həcər Əmiraslanlı
