Küçələr danışır, region dinləyir
İranda baş verən etirazlar artıq lokal narazılıq çərçivəsindən çıxaraq kütləvi və sistem xarakterli bir mərhələyə keçib. Sosial-iqtisadi problemlər, siyasi məhdudiyyətlər və azadlıqların boğulması cəmiyyətdə illərlə yığılan narazılığı açıq şəkildə üzə çıxarır. Xüsusilə milyonlarla azərbaycanlının yaşadığı bölgələrdə etirazların fəallaşması prosesə həm milli, həm də regional ölçü qazandırır. Bu vəziyyət yalnız İranın daxili sabitliyi üçün deyil, eyni zamanda regionun təhlükəsizlik balansı üçün də ciddi çağırışlar yaradır. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi isə hakimiyyətin reaksiyası və beynəlxalq faktorların mövqeyindən asılı olacaq.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az" a açıqlamasında bildirib ki, İranda baş verənlər onu göstərir ki, ölkə növbəti dəfə ciddi böhran dövrünə daxil olub:
"Bu böhran əvvəlcə tacirlərin etirazı ilə başlayıb, indi isə İranın müxtəlif şəhərlərinə yayılıb. Düzdür, hələlik Azərbaycan sərhədi yaxınlığında kütləvi etirazlar yoxdur, amma İranın müxtəlif bölgələrində bu aksiyalar davam edir. ABŞ prezidenti Tramp çıxışı zaman deyib ki, əgər rejim etirazçılara qarşı təzyiq göstərərsə və zor tətbiq olunarsa, Amerika etirazçılara dəstək olacaq. Eyni zamanda İranın dini lideri və parlament sədri də bəyanat veriblər. Onlar deyiblər ki, əgər Amerika müdaxilə etsə, İran Amerikanın regional bazalarına hücum edəcək. Dini lider isə hər şeyi xarici qüvvələrin təsiri ilə izah edib, etirazları “kənar təsir” kimi qiymətləndirib və bunların qarşısının alınmasının vacibliyini bildirir. İrandakı gərginliyin əsas səbəbi xaricdə yox, ölkə daxilindəki problemlərdir. Doğrudan da, İranda ciddi sosial‑iqtisadi böhran var. İran realının dəyər itirməsi xalqı daha çox narahat edir, insanların ümidlərini sarsıdır. Hər gün insanlar daha da kasıblaşırlar və dövlətin lazımi addımlar atmaması bu narazılığı artırır. Yaxınlarda Prezident Pezişkənin də çıxışı bu mənada idi. O da deyib ki, dövlət üzərinə düşənləri yerinə yetirmir. Odur ki, bu problemlər dövlət daxilində yaranmış məsələlərdən qaynaqlanır. Xaricdən müdaxilə olsa da, vəziyyətin kökündə daxili problemlər dayanır. Bu vəziyyətdə, əgər İran hakimiyyəti zor tətbiq edərsə və etirazçılara qarşı sərt üsullardan istifadə olunsa, bu böhran daha da ağırlaşacaq".
Politoloq bildirib ki, son vaxtlar İranda daha çox etnik qrupların fəallaşması diqqət çəkir:
"Azərbaycanlıların və Türklərin bu prosesdə daha çox adları çəkilir. Düzdür, İran türklərinin sosial‑iqtisadi və mədəni hüquqları uzun illərdir ki, pozulur. İranın idarəetmə sistemi tənqid olunarkən bu anti‑türk yönümlü addımlar da qeyd olunur. Amma bütün bunlara baxmayaraq, İranda yaşayan türklər bu gərginliyə fərqli yanaşırlar. Onlar proseslərə dərhal qoşulmaq istəmirlər. Bu da göstərir ki, bu etirazlar üzərindən ciddi siyasi nəticələr əldə etmək hələlik mümkün görünmür. Deyilənə görə, türk icmaları bütün məsələlərə dərhal qoşulmur, müəyyən götür‑qoylardan sonra iştirak etməyi düşünürlər. Bu onların bu rejimə razı olduqları anlamına gəlmir. Sadəcə fərqli yanaşma və strategiyaya sahibdirlər. Azərbaycanlılar və türklər rejimdən narazıdırlar, lakin etirazlara qoşulmaq üçün ehtiyat edirlər. İrandakı daxili vəziyyətin pozulması, xüsusilə, Qarabağ və Yaxın Şərq üçün də təsirli ola bilər. Vəziyyət daha da qarışarsa, İranın xaricindəki təsir dairəsi zəifləyə bilər. Suriyada, İraqda və Livanda zəifləmələr özünü göstərə bilər. Belə zəifləmə İsrailin bu bölgədə fəaliyyətini daha da gücləndirə bilər. Hər halda, Cənubi Qafqazda xüsusilə, Azərbaycanda İrandakı hadisələr çox diqqətlə izlənilir. Azərbaycanın İranla bağlı siyasəti Türkiyə ilə razılaşdırılmalı və koordinasiyalı şəkildə aparılmalıdır. Bu gərginliklər İranın Cənubi Qafqaz təsirinə birbaşa təsir göstərə bilər və bu da strateji əhəmiyyət daşıyır".
Ayşən Səlimova
