Küçələrdə diləndirilən azyaşlılar
Şəhərin, hətta ölkənin hər yerində dilənçilik edən şəxslərə rastlanılır. Təəssüf ki, bu şəxslərin arasında azyaşlılara da kifayət qədər rast gəlinir. Onlar hava şəraitindən, zamanın müddətindən asılı olmayaraq, küçədə dilənçiliklə məşğul olurlar.
Daxili İşlər Nazirliyinin mətbuat əməkdaşı Nurlan Əliyev sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama edib. Onun sözlərinə görə, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis tərəfindən daim diqqət mərkəzində saxlanılır.
"Bəzən görürük ki, bu şəxslər öz əməllərini, eyni zaman da həyat tərzlərinə də çeviriblər. Hətta yetkinlik yaşına çatmayanlar belə dilənçiliyə sövq edilir. Yetkinlik yaşına çatmayan, lakin diləndirilən şəxsin valideynləri varsa, o, polis əməkdaşları tərəfindən özevinə təhvil verilir. Digər şəxs barəsində də qanunauyğun müvaqif tədbirlər görülür”.
Nurlan Əliyev deyir ki, daha çox məscidlərdə, ziyarət yerlərində və insanların sıx toplaşdığı digər ərazilərdə də bu cür neqativ hallara rast gəlinir.
“Belə yerlərdə polis əməkdaşları güclü nəzarət həyata keçirirlər. Dilənçi, avara və tüfeyli həyat tərzi sürən şəxslərin arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən, oğurluq və digər cinayət törədən şəxslər də aşkarlanır və qanunamüvafiq tədbirlər görülür".
Bəs, azyaşlıların dilənməsinə və ya diləndirilməsinə qarşı hansı hüquqi tədbirlər görülür?
"Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatan şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə, əlli manatdan doxsan manatadək məbləğdə cərimə tətbiq edilir. İşin hallarını, xətanı törədənin şəxsiyyətinı də nəzərə almaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs də tətbiq olunur".
Nəzrin Mirzəyeva
