“Kanadanın tarixinin ən yaxşı komandası” ev sahibliyi etdiyi Dünya Kubokunda parıldamaq istəyir
ABŞ-dəki siyasi gərginlik və bəzi oyunların Meksikadan başqa yerə köçürülməsi ilə bağlı müzakirələr fonunda, 2026-cı il Dünya Kubokunun üçüncü ev sahibi ölkəsinin də olduğu bəzən unudulur.
Kanadalı futbol jurnalisti Har Johal BBC Sport-a bildirib: “Kanada çox vaxt diqqətdən kənarda qalır, amma bu bizi narahat etmir. Biz gülümsəyəcəyik, nəzakətli olacağıq və cənubdakı ölkələrin başlıqlarda yer almasına imkan verəcəyik.” Lakin bu nəzakətli görünüşün arxasında möhkəm bir inam dayanır. Bir çoxlarının fikrincə, Kanada tarixinin ən güclü kişi futbol millisi bu yay nəhayət dünya səhnəsində öz sözünü deməyə hazırdır. Bu yol Bosniya və Herseqovina ilə keçiriləcək ilk oyunla başlayacaq (cümə günü, BST ilə saat 20:00-da). Meydandan kənarda Kanada ABŞ-nin bəzi şəhərlərində müşahidə olunan yerli nəqliyyat və səyahət xərcləri ilə bağlı mübahisələrdən böyük ölçüdə yan keçə bilib. Bunun əsas səbəbi Dünya Kuboku oyunlarına ev sahibliyi edəcək hər iki şəhərin - Toronto və Vankuverin - stadionlarının şəhər mərkəzində yerləşməsidir.
Bununla belə, bilet məsələlərində Kanada da digər ev sahibi ölkələrlə eyni problemlərlə üzləşir. Bunun səbəbi FİFA-nın tətbiq etdiyi qiymət siyasətidir.
Otellərin qiymətləri də kifayət qədər yüksəkdir. Dünya Kuboku zamanı Vankuver şəhər mərkəzində yerləşən bəzi otellərdə gecəlik qiymətlər 1000 ABŞ dollarını keçir, oyun günlərində isə bəzi hotellərdə bu rəqəm 2000 dollardan da yuxarı qalxır.
BBC NEWS
Cavahir Əsgərbəyli