"Kart etibarsızdır"
İctimai nəqliyyatda təmassız ödəniş edərkən cihazın imtina cavabı verməsi, ardınca isə balansdan vəsaitin çıxılması.... Günün müxtəlif saatlarında avtobuslardan istifadə edərkən bəzi sərnişinlərin qarşılaşdığı bu problemin səbəbi nə ilə bağlıdır? Bunun üçün hara müraciət etməlidir? Sualların cavabı AzTV Xəbərin reportajında...
TİTR: LALƏ QAFAROVA - MÜXBİR
STAND-UP: "İctimai nəqliyyatda plastik kart oxudulmayanda alternativ kimi təmassız ödəniş sisteminə üz tuturuq, yəni NFC-yə. Lakin bəzi hallarda smartfonu aparata yaxınlaşdırdıqda eyni xəbərdarlıqla qarşılaşırıq: kartınız etibarsızdır. Belə hallarda sərnişinlər iddia edirlər ki, onların kartından əlavə məbləğ silinir".
SORĞULAR
1. Etibarsız göstərir, lakin bir neçə dəqiqə sonra kartdan pul çıxmağa başlayır. Şəxsən mən özüm şikayət etmişəm müvafiq quruma. Və cavab gözləyirəm. Bank deyir ki, bizdə bir problem yoxdur. Aparatdadır problem. Aparata da əgər mütəmadi nəzarət etmirlərsə, bu artıq vətəndaşların günahı deyil.
2. Telefonla ödəniş edəndə təkrar ödə yarımçıq qalanda onda məndə kartdan pul çıxır. 2-ci dəfə ödəyəndə 2 dəfə çıxmış olur.
3. Təzdən vururam əlavə o çıxır.
Sərnişinlərin qarşılaşdığı problemlə bağlı “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdən bildirildi ki, xətanın əsas səbəbi kartın zədələnməsi, çipinin oxunmaması və ya cihaza yanlış yaxınlaşdırılmasıdır. Sərnişinlər ödəniş zamanı kartı QR kod bölməsinə deyil, terminalın aşağı - kart üçün nəzərdə tutulmuş hissəsinə toxundurmalıdırlar.
Azərbaycan Banklar Assosiasiyasından isə bildirildi ki, "Kart etibarsızdır" xəbərdarlığı kartın köhnəlməsi deyil, BakıKart sistemində "stop-list"ə düşməsi deməkdir. Ən çox yayılmış səbəb gediş zamanı balansda kifayət qədər vəsaitin olmaması, müddətin bitməsi və ya bloklanmadır. Sərnişin ilk növbədə öz bankı ilə əlaqə saxlamalıdır. Bank kartda problem olmadığını təsdiqləyərsə, məsələni BakıKart-la həll edib kartı siyahıdan çıxara bilər.
LALƏ QAFAROVA, VAHİD ZALOV, AZTV XƏBƏR