"Kaş mən o vaxt qaçardım. Ancaq 1992-ci il may ayının 8-də Şuşanı tərk etməzdim" - şuşa sakini
İnformator.az-ın növbəti müsahibi Şuşa sakini Fəxrəddin Səfərovdur.
O, Şuşa şəhəri ilə bağlı xatirələrindən, təəssüratlarından danışıb: "Tanrı Şuşaya təbii gözəllik bəxş edib. Təbii gözəlliklə yanaşı, böyük şəxsiyyətlərin yetişməsində böyük rol oynayıb. Böyük dahilərin, mütəfəkkirlərin Şuşanın gözəlliyi haqqında dediyi bir çox ifadələr də var. Biz də o gözəlliyi həmişə qoruyub saxlamağa çalışmışıq. Uşaqlığım Şuşada keçib. Mənim dayım Şuşada işləyirdi. Vaxtilə onların erməni qonşuları var idi. Bu qonşuların iki uşaqları var idi. Biz dayımgildə olan zaman həmin iki bacı qardaşımla mənə dedilər ki, gedək polis idarəsinin qabağındakı qoz ağaclarını daşlayaq. Biz gedib ağacları daşlamağa başlayanda polis gəlib bizə yaxınlaşdı. Həmin polis idarəsi də qədim bəy evi idi. Uşaqlar qaçan zaman polis məni tutdu və mənə niyə ağacları daşladığımı söylədi. Kim olduğumu soruşanda isə Çərkəz müəllimin bacısı oğlu olduğumu qeyd etmişdim. Mənə çıxıb getməyimi və bir də buralara daş atmamağımı söylədi. Mən yaxınlarda belə verdiyim müsahibədə qeyd etmişdim ki, kaş mən o vaxt qaçardım. Ancaq 1992-ci il may ayının 8-də Şuşanı tərk etməzdim".
Müsahibimiz bildirib ki, Şuşanın fərqliliyi insanın özünü orada çox rahat hiss etməsindədir: "Son zamanlar tədqiqatçılarımız tərəfindən söylənən fikirlərə görə, Şuşanın hər iki tərəfi daş yarığı ilə əhatə olunub. Hava atmosferi yuxarıdan aşağıya təzyiq edəndə nəfəs alan zamanı sağ və sol dərə havanın tənzimləməsində kömək edir. Ona görə də Şuşada insan özünü çox yüngül və rahat hiss edir".
Müsahibimiz qeyd edib ki, müharibə vaxtı Şuşada ərzaq qıtlığı yaşanmadığını və çatışmayan isə yalnız silah olub: "1992-ci ildə ermənilər ilə üz-üzə döyüşəndə silahlarımız qurtarmışdı və maşınlarımızın hamısı vurulmuşdu. Həmin zamanda Tofiq Oğuzun başçılıq etdiyi hərbi hissədən 2 yeşik və 5 güllə götürərək yolun yarısına qədər əlimdə daşımışdım. Bütün Şuşalılar şəhərimizi qorumaq üçün əlimizdən gələni edirdik və əziyyətimiz çox idi. Min illər sonra tariximizi tədqiq edən tarixçilərimizin gəldiyi qənaətinə görə, Azərbaycan xalqı 300 ildir ərzində heç bir zəfər əldə etməmişdi. Lakin bizim 44 günlük müharibə zamanı qazandığımız qələbə dövlətçiliyimizin bütövləşməsinin zəfəri idi".
Fatimə Mustafayeva
