00:00:00
Yazar
Güllər Gülhüseynova
30.06.2026 19:37 83 3 dəq oxuma
Siyasət

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İran İsrailə raket zərbələri endirsə və ya ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz hesab etsə, müharibə istənilən vaxt, hətta sabah bərpa oluna bilər. Onun sözlərinə görə, İsrail belə hallarda sərt cavab verməyə hazırdır və ordunun zərbə endirmək üçün hədəfləri müəyyənləşdirilib.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail ABŞ-İran danışıqlarının təhlükəsizlik risklərini aradan qaldırmayacağını düşünür və bu səbəbdən İranın zəiflədilməsini öz maraqlarına daha uyğun hesab edir:


“İsrail ABŞ ilə İran arasında aparılan sülh danışıqlarının real nəticə verəcəyinə inanmır və bunu öz milli maraqları, eləcə də təhlükəsizliyi üçün təhdid hesab edir. Çünki mümkün razılaşmanın şərtlərinə əsasən Hizbullahın toxunulmazlığı qalır və növbəti illərdə təşkilatın İsrailə qarşı yeni hərbi əməliyyatlar və ya terror aktları törətməyəcəyinə dair heç bir təminat yoxdur. Eyni zamanda, mövqelərini bərpa edən İranın İsrailə qarşı yeni təhdid və təzyiq yaratmayacağına dair də təminat mövcud deyil. Bu səbəbdən İsrail yaranmış şəraitdən maksimum istifadə etməyə çalışır və İranın mövcud mərhələdə zəiflədilməsi siyasətini ön plana çıxarır. Buna görə də bu cür gərginliklər və fikir ayrılıqları İsrailin maraqlarına uyğun gəlir”.


Politoloq bildirib ki, İsrailə görə, yeni qarşıdurma başlasa, ən böyük itki verən tərəf İran olacaq:


“İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, İranın İsrailə qarşı hər hansı raket və ya dron hücumu, eləcə də ABŞ Prezidenti Donald Trampın danışıqların nəticəsiz başa çatması ilə bağlı bəyanatı İsrail üçün İrana qarşı yeni hərbi əməliyyatların başlanması siqnalı kimi qiymətləndirilə bilər. Belə bir ssenarinin təkrarlanacağı halda ən böyük itkilərlə üzləşən tərəf İran olacaq. İstər 2025-ci ildə baş verən 12 günlük müharibə, istərsə də 2026-cı ildə ABŞ, İsrail və İran arasında yaşanan 40 günlük müharibənin nəticələri göstərir ki, iqtisadiyyatı ciddi zərər görən, xüsusilə hərbi və iqtisadi infrastrukturu dağıntılara məruz qalan ölkə İrandır. İlkin hesablamalara görə, bərpa və kompensasiya xərcləri 270-300 milyard dollar həcmində qiymətləndirilir”.


Politoloq qeyd edib ki, mümkün yeni müharibə İsrailə nisbətən İran üçün daha ağır nəticələr doğura bilər, ABŞ isə hələlik tərəflər arasında balansı qorumağa çalışır:


“İranın İsrailə qarşı raket və dron hücumları nəticəsində İsraildə də dağıntılar qeydə alınıb, iqtisadi infrastruktura ziyan dəyib, regiondakı bəzi ABŞ hərbi bazaları hədəfə çevrilib. Lakin real itkilərin miqyası baxımından tərəflər arasında ciddi fərq mövcuddur. İrana dəyən zərərin ölkə iqtisadiyyatına təsiri ABŞ və İsrailin məruz qaldığı zərərlə müqayisədə daha ağırdır. ABŞ-nin itkiləri ölkənin hərbi və ümumi büdcəsinə ciddi təsir göstərən səviyyədə qiymətləndirilmir. Bu baxımdan müharibənin yenidən alovlanması daha çox İsrailin maraqlarına cavab verir, İran üçün isə əlavə risklər yaradır. ABŞ isə qlobal balansı nəzarətdə saxlamaq məqsədilə İranla münasibətlərdə hələlik “nə sülh, nə müharibə” xəttini danışıqlar prosesi vasitəsilə davam etdirməyə çalışır”.


Aydan Əsgərxanlı

#İran #İsrail #ABŞ #Tramp #Kats #Tehran #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər