Keçid ballarında azalma və artma olacaqmı?
II və III qruplar üzrə imtahan nəticələri açıqlansa da, I və IV qruplar üzrə cavablar hələ bəlli deyil. İndiki halda abituriyentləri və onların valideynlərini maraqlandıran bir məqam var. Bu il keçid ballarında azalma və artma olacaqmı, eyni zamanda plan yerləri artacaqmı? Ekspertlər keçid ballarında müəyyən azalma olacağını proqnozlaşdırır.
Ali təhsilin bakalavr səviyyəsi üzrə bu il plan yerlərinin kəskin artması müşahidə olunur. Əvvəlki illərdə əgər 51 min yer ayrılırdısa, bu il təxminən 60 minə qədər plan yerinin olacağı deyilir. Təhsil ekspertlərinin fikrincə, plan yerlərinin artırılması keçid ballarının aşağı düşməsi ilə nəticələnə bilər.
Təhsil eksperti Cahid İmanlı deyir ki, 300 ballıq şkala üzrə abituriyentlərin təxminən 25 min nəfərə qədəri 0-50 bal arasında bal toplayıb: “Bu fakt onu deməyə əsas veriri ki, burada balların qalxması olmayacaq. Ikinci bir tərəfdən dövlət sifarişli yerlərin artırılması ilə ötən ilə nisbətən bütün plan yerlərinin təxminən 50 faizdən çoxu bu il abuturiyentlər artıq dövlət sifarişli oxuya biləcəklər, təhsil ala biləcəklər. Bu, ikinci faktordur. Üçüncü və əsas faktor isə biri blok imtahanlarında 400 ballıq və ümumi isə 700 ballıq şkalanın olmamasıdır. Bu da keçən illə müqayisədə yenə də ciddi və əhəmiyyətli şəkildə balların aşağı düşəcəyinin təminatçısıdır”.
Ekspert deyir ki, I və IV qruplar üzrə imtahan nəticələri açıqlanmasa da bəzi faktlar onu deməyə əsas verir ki, bu qruplarda balların qalxması müşahidə olunmayacaq: “Bunun əsas faktorlarından biri, abituriyent sayının nisbətən az olmasıdır. Plan yerləri ilə abituriyent sayı nisbətində fərq çox deyil. II qrup üzrə bu düzdür. Çünki ən çox abituriyent verənlər məhz bu qrupda oldu, amma onların ümumi səviyyəsi o dərəcədə güclü deyil. Niyə? Çünki daha az balla universitetə girmək istəyənlrə bu qrupa son dövrlərdə üz tuturlar. Buradan daxil olmaq daha yaxşıdır. Xüsusilə II qrupu seçən abituriyentlərə demək istəyərdim ki, bu qrupda 150 ballıq ixtisaslarda seçimə konkrus olacaq. Buna diqqət etməlidirlər. Nisbətən yuxarı balı olan aboturiyentlər üçün isə qrupda seçimdə heç bir problem olmayacaq”.
Ekspert Elçin Muradov düşünür ki, istənilən halda universitetlər ayırdıqları plan yerlərinin dolması üçün balları maksimumdan minimum endirəcək: “Məsələn, 300-dən başlayıb aşağıya doğru gələcək. Nəzərdə tutulan yerlər dolmadığı təqdirdə isə 205 balla da götürəcək. Eyni zamanda, 400-dən yuxarı ixtisas ballarında enmə müşahidə olunacaq və daha çox yer artımı III qruplarda olacaq. Çünki III qruplara beynəlxalq münasibətlər də gəldi II qrupdan. Regionşünaslıq da gəldi. Regionşünaslıqla beynəlxalq münasibətlərin gəlməyi, üstəlik, Polis Akademiyasında yerlərin sayının artırılmağı və sairə. Bu, III qruplarda uşaq sayının artmasına səbəb olacaq. Məsələn, III qrupda 250-260 bal arası toplayan uşaq sayı keçən il 3 min nəfər idisə, baxanlar bu 3500 nəfərdisə, deməli, o aralıqda olan ixtisas balları qalxacaq. Yox əgər 3 mindən düşüb aşağıya 2800, 2700, 2500 olubsa deməli aşağı düşəcək”.
DİM isə səsləndirilən fikirlərin reallığı əks etdirmədiyini bildirir. DİM-in sektor müdiri Xanlar Xanlarzadə: “İndiki halda hansısa bir ixtisas üzrə keçid balının artacağını və ya azalacağını demək doğru deyil. Keçid balı müsabiqə aparıldıqdan sonra müəyyən olunur. Keçid balının formalaşmasında müxtəlif amillər iştirak edir. Bunlar abituriyentlərin sayıdır, hansısa bir ixtisas üzrə plan yerlərinin sayıdır, eyni zmaanda abituriyentlərin imtahan nəticələridir. Bax bu üç amil keçid balının formalaşmasında rol oynayır. Bilirsiniz ki, ayın 22 və 23 –də I və IV ixtisas qruplarının imtahanları olub. İki həftə sonra onların nəticələri bəlli olacaq. Kiminsə əlində imtahan nəticəsi yoxdur, eyni zamanda plan yerləri də ictimaiyyətə təqdim olunmayıb. Plan yerlərinin də artıb-azalması ilə bağlı hələlik məlumat yoxdur”.
Mərkəzin rəsmisi onu da əlavə etdi ki, nəticələr elan olunduqdan sonra “ixtisas seçimi zamanı nələrə diqqət yetirilməlidir?” adlı kitapçalar buraxılacaq. Orada abituriyentlərin nəticələri və plan yerləri ilə bağlı dəqiq məlumatlar təqdim olunacaq. Bu səbəbdən valideynlər və abituriyentlərə mərkəzin saytını izləmələri tövsiyə olunur.
Zeynəb
