KEÇİD BALLARINDA REKORD ENMƏ
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlandı. İxtisas seçimində iştirak edən 70301 nəfərdən 51941-i ali təhsil müəssisələrinə qəbul olması ilə bağlı xəbər aldı. 18360 nəfər isə kənarda qaldı. Ötən il ilə müqayisədə bu il qruplar üzrə keçid ballarında hansı dəyişikliklər müşahidə olundu?
Ötən il lə müqayisədə bəzi ixtisasların balları aşağı enib. Əsasən də I, II və IV qruplar üzrə. Təhsil eksperti Adil Vəliyev İnformator.az-a açıqlamasında I qrupda balların aşağı enməsini sözügedən qrup üzrə tətbiq edilən yeniliklə əlaqələndirib. "Kimya və informatika üzrə olan ixtisaslar tamamilə bir-birindən ayrılıb və informatika üzrə olan ixtisasların keçid balları ciddi şəkildə enib".
II qrup üzrə düzgün ixtisas seçimi edən, minimium 150 bal toplayan abituriyentlərin belə qəbulolma şansının müşahidə edildiyini deyən təhsil ekspertinin sözlərinə görə, IV ixtisas qrupu üzrə tibb ilə bağlı ixtisaslarda balların enəcəyi əvvəlcədən proqnozlaşdırılıb. III qrupun keçid ballarında da ötən il ilə müqayisədə az fərq olsa da, subbakalavrların qəbul şansı bu il daha çox olub.
Qeyd edək ki,bu il keçid ballarında maksimum enmə əsasən aşağıdakı ixtisaslarda müşahidə olunub:
- Dövlət Gömrük Komitəsi Akademiyası - İnformasiya Təhlükəsizliyi ixtisası - 2022-ci il - 583 bal - 2023-cü il 200 bal;
- ADNSU - Komputer elmləri (tədris ingilis dilində) - 2022-ci il 624,7 bal - 2023-cü il 250 bal.
Nəzrin Mirzəyeva
