00:00:00
Yazar
Elmira Ağayeva
15.06.2026 20:42 21 1 dəq oxuma
Siyasət

Keçmiş prezident Moldovanın yaxın illərdə Aİ-yə üzvlüyünü şübhə altına alıb

Keçmiş prezident Moldovanın yaxın illərdə Aİ-yə üzvlüyünü şübhə altına alıb

 

Moldova yaxın illərdə Avropa İttifaqına üzv olmayacaq və bunu artıq hər kəs anlayır.

Bu fikri Moldovanın sabiq prezidenti, ölkənin ən böyük müxalif siyasi qüvvəsi olan Sosialistlər Partiyasının lideri İqor Dodon TASS agentliyinə müsahibəsində səsləndirib.

Dodon bildirib ki, Brüssel yaxın günlərdə üzvlüklə bağlı danışıqların ilk mərhələsinin başlanacağını vəd etsə də, avropalı rəsmilər özləri də etiraf edirlər ki, Moldovanın Aİ-yə tamhüquqlu üzvlüyü olduqca mürəkkəb prosesdir və bu, yaxın zamanda baş verməyəcək.

Sabiq prezidentin sözlərinə görə, Moldova Prezidenti Maya Sandu Brüsselə təzyiq göstərmək üçün zaman-zaman Rumıniya ilə birləşmə mövzusunu gündəmə gətirir. Lakin Brüssel müəyyən riskləri nəzərə alaraq belə ssenariləri dəstəkləmir.

Moldova 2022-ci ildə rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu alıb, üzvlüklə bağlı danışıqlara isə 2024-cü ilin yayında start verilib. Daha əvvəl ölkənin xarici işlər naziri Mihay Popşoy 2028-ci il prezident seçkilərinədək Moldovanın tamhüquqlu üzvlük olmadan da Aİ-yə inteqrasiyanın müəyyən formalarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Moldova və Ukraynanın iyunun 16-da üzvlük danışıqlarının ilk mərhələsinə başlaması gözlənilsə də, bu proses Aİ-yə qəbul üçün konkret vaxt çərçivəsi müəyyən etmir. Buna nümunə kimi Türkiyənin 2005-ci ildən üzvlük danışıqları aparmasına baxmayaraq, hələ də birliyə qoşulmağa yaxın olmaması göstərilir.


TASS
Nuray Əliyeva

#Moldova #Aİ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər