Keçmişdən gələn sənət
Azərbaycan kinematoqrafiyasının retro filmləri bu gündə insanlar tərəfindən sevilir. Həm aktyor heyəti, həm ssenari, həm də ümumi keyfiyyəti baxımından özünəməxsus yer tutur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kinoşünas Nadir Bədəlov bildirib ki, belə filmlərdə nələrsə bizə doğmadır və ya hansısa xatirələrimizi oyadır:
"Retro film, yəni köhnə üslubda çəkilmiş filmdir. Keçmiş filmlərə kino ədəbiyyatında kult filmlər deyirlər. Kult pərəstiş olunan film deməkdir. Pərəstiş olunan filmlər adətən bədii səviyyəsinə və dərinliyinə görə digər filmlərdən o qədər də seçilmir. Amma orada pərəstiş olunan böyük aktyorlar oynayır. Ola bilər orada maraqlı əhvalat verilir, yaxşı musiqi var. Bir neçə səbəblər birləşərək onu kult filmə çevirir.
Azərbaycanda da belə kult filmlər var. Məsələn 70-ci illərdə ilk dəfə "Gün keçdi" filmi çıxanda o filmə cəmi 4-5 adam baxırdı kinoteatrda. O vaxt camaat gedib hindulardan filmlərə və ya dedektiv filmlərə baxırdılar. Hind filmlərin pərəstişkarları çox idi. Amma illər keçəndən sonra o filmilərə maraq artıb.
Məsələn "Uşaqlığın son gecəsi" filmində musiqilər, aktyorlar hansı ki, artıq o aktyorlar dünyada yoxdur. O aktyorların tamaşaçıların gözündə, xəyalında başqa bir obrazı var. Belə filmlərdə nələrsə bizə doğmadır və ya hansısa xatirələrimizi oyadır.
O zamanlar müəyyən aktyor və aktirisalar var idi. Məsələn Amaliya Pənahova, Şəfiqə Məmmədova, Rasim Balayev, Əsgər Ələkbərov, Ceyhun Mirzəyev. Yüzlərlə başqa aktyor və aktirisanın bu gün bizim xatirəmizdə öz obrazları var.
Keçmişdə filmlər daha yaxşı çəkilirdi bununla razıyam. Çünki həmin dövrdə bilirdilər ki, nə çəkmək lazımdır. O dövrdə sifariş var idi. Əxlaqi, etik və ailə mövzulara daha çox üstünlük verilib. Ona görə də dağıdıcı xarakter daşımır o filmlər.
Keçmişdə müəlliflər "necə yaşamaq lazımdır"? Bu suala kömək edirdi. Müəlliflərin ictimai borcu var idi. Təkcə özü üçün yaxşı film çəkmirdi. O vaxt filmləri çəkirdilər ki, tamaşaçı cəlb etsinlər və onları düşündürsünlər. Tamaşaçını həm ağlada, həm güldürə bilsinlər. Bunlar isə filmin müəllifləri ilə auditoriya arasında doğmalıq yaradır.
Təəssüflər olsun ki, bu gün o doğmalıq yoxdur. Köhnə filmlər həmişə yüksək səviyyədə alınmırdı amma bilirdilər ki, nə çəkmək lazımdır. Amma illər keçdikcə görürdülər ki, həmin o dövrlərdə orta səviyyədə belə çəkilmiş filmlərdə bu gün də bizi düşündürə biləcək məsələlər var.
Bu filmlərin uğur sirri bizim təxəyyülümüzdür. O filmlər bizim təxəyyülümüzdə yer tapırlarsa deməli o filmləri biz sevəcəyik. O filmlər bizə doğmadır çünki özümüzü görürük. Köhnə filmlər bu gündə uğur qazanırsa, televiziyada yayımlanırsa bu o deməkdir ki, onlar pərəstiş olunan filmlərdir.
Köhnə filmlərin ötürdüyü əsas dəyər mənəvi-əxlaqi dəyər idi. Ssenari müəllifi olsun, kino rejissoru olsun, aktyorlar olsun bu dəyəri ötürməyə çalışırdılar. Aktyorlar ele oynuyurdular ki, tamaşaçı ilə əlaqə, rabitə yarana bilsin. Çünki tamaşaçı baxanda ona nə doğmadırsa, onu nə düşündürürsə onu filmdə görəndə filmə marağı artır.
Keçmişdə çəkilən bir çox filmlərdə dövrün ab-havasını tuta bilirdilər. Bu günləri də çox maraqlı filmlər çəkirlər. Bəlkədə bu gün yaxşı böhrandır ona görə ki, axtarış var. Axtarış varsa, sabah böyük sıçrayışlar olacaq. Gənc rejissorlar axtarışdadırlar. Olduqca maraqlı məsələlərə toxunmaq istəyirlər. Amma dövrün özündə də bir xaotiklik var. Elə bir dövrdə yaşayırıq ki, "Tiktok" "İnternet" bunlar da çaşqınlıq yaradır. Tamaşaçının özünün də bir mövqeyi yoxdur. Bu səbəbdən tamaşaçı ilə əlaqə tapmaq bu gün çətinləşib. Amma bu gün çəkilən filmlər 10 ildən, 20 ildən sonra tamaşaçılar üçün kult filmlər olacaq.
Müasir filmlərlə köhnə filmlərin ötürdüyü dəyərlər arasında fərqlər var amma o qədərdə çox deyil. Təəssüflər olsun ki, bu günləri sseanrilərin əksəriyyətini rejissorlar özləri yazırlar. Buna isə yaxşı bir hala kimi baxmıram. Ədəbiyyatla kinematoqraf birləşməlidir. Bunu isə adətən biz görmürük. Bu isə pis bir haldır. Bunu müşahidə etmirik bu gün. Biz müşahidə etmirik "Böyük dayaq" filminin uğrunu "Ögey ana" filminin uğrunu "Bizim Cəbiş müəllim" filminin uğrunu. Bu filmlərdə ədəbiyyatla kinematoqrafiya çox gözəl ahəng şəkildə birləşiblər. Bunun effekti isə göz qabağındadır. Çox vaxt keçib amma yenədə filmlər aktualdır. Hər dəfə baxıldıqca yeni fikirlər əldə edirik.
Yeni nəsil gəlir olduqca maraqlı və yaradıcı nəsildir. Nəsə etmək istəyirlər və nəsə axtarırılar. Amma həyatın özündə daha çox axtarış etməlidirlər nəinki sənətdə. Sənətdə axtarış çox olanda kimlər isə təkrar edirsən. Sənətin sirlərini öyrənməliyik, ancaq çalışmaq lazımdır ki böyük sənətkarlardan öyrəndikcə onların təsiri altından da çıxmağı bacaraq.
Bu mənada bugünkü kinomuza ümid ilə baxıram. Yəqin ki, uğurlar bizi gözləyir".
Samirə Allahverdizadə
